Şəhid Ramil Rəhimov
Bölmə: Sosial › ,Tarix: 22:58 19.12.2023
Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı düşmənin hərbçilərimiz qarşısında cəmi 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Qazandığımız qələbədə canını fəda edən qəhrəmanlarımızdan biri haqqında danışacağıq.
Ramil Rəhimov 1992-ci il yanvarın 1-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. Elə uşaq vaxtlarından hər kəsin sevgisini qazanmağı bacarıb. Öz istəyi ilə hərbçi olan Rəhimov bir müddət Sərhəd Qoşunlarında sonra isə Daxili Qoşunlarda xidmət edib. Vəzifə borcunu yerinə yetirmək üçün ailəsindən gizli sentyabrın 3-də Ağdərəyə yollanıb. Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri zamanı erməni təxribatının qarşısını alarkan qolundan yaralansa da, geri çəkilmir. Xəsarət alan əsgər yoldaşını xilas etmək istəyəndə düşmən gülləsinə tuş gəlir.
Şəhid Ramil Rəhimovun anası Gülhava Rəhimova deyir ki, o, heç vaxt evə forma ilə gəlməzdi, sentyabrın 3-ü forma ilə gəlmişdi.
"Soruşduq niyə formayla gəlmisən, sən formayla gəlməzdin axı. Dedi, nəbilim tələsik oldu, səhər tezdən Qusara gedəcəyik. Çastı ora köçürdürlər hamımız ora gedirik, bizi aldatdı.O bilirdi ora gedir, biz bilmirdik".
O, Vətəninə bağlı olan bir gizir, həm də gözəl ailə başçısı kimi xatırlanır. Şəhid Ramil Rəhimovun həyat yoldaşı deyir ki, onun şəhid olduğu xəbərini ilk dəfə sosial şəbəkədə görüb.
"Xəbərlər saytında şəkli çıxmışdı ki, şəhid olub, ona da inanmırdım. Mənim sözümə görə o şəkili silmişdilər ki, bəs özü səs atıb hər şey yaxşıdır. Sən demə əslində hər şey düz imiş. Bayrağımız qapıya sancılanda mən bildim ki, yoldaşımı gətirirlər".
Ramilin özündən sonra Dəniz adlı övladı əmanət qalıb. Onun yaxın vaxtlarda 2-ci övladı da dünyaya gələcək.
Ramil Rəhimov 2-ci Şəhidlər Xiyabanında dəfn edilib. Qəhrəmanımız ölümündən sonra "Vətən uğrunda" medalı və "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordeni ilə təltif olunub.