Rusiyada zülal çatışmazlığı olduğu üçün bu unu ‘’ixtira’’ ediblər-Ağa Salamov
Bölmə: Sosial › ,Tarix: 17:35 20.12.2023
Alimlər daryarpaqlı lupin toxumlarından qida sənayesi üçün yüksək proteinli un istehsalı üsulunu işləyib, hazırlayıb və patentləşdiriblər. Bu bitki yüksək protein tərkibi ilə seçilir və ondan hazırlanan məhsullar klassik çörək məhsullarından daha faydalı, sağlam və alternativ olacağı deyilib. Bunun faydaları nələrdir? Niyə məhz lupindən?
Qida məsələləri üzrə ekspert Ağa Salamov informator.az saytına verdiyi açıqlamada bildirib ki, bu bitkinin tərkibi 70% nişasta olduğu üçün şəkərli diabet, böyrək, təzyiq eyni zamanda ürək-damar xəstələri üçün ən təhlükəli qidadır.
Müsahib qeyd edib ki, alimlər bu qidanın kəpək hissəsini ayırıb zülal hissəsini saxlayırlar.
"Kəpək qismində isə insana ən lazım olan minerallar və vitaminlər var ki, onlar da undan ayrılmış olurlar".
Ağa Salamov burada bir sağlamlıq görmədiyini söyləyib.
"Rusiyada zülal çatışmazlığı olduğu üçün bu unu ‘’ixtira’’ ediblər. Mən bunu sağlam qida hesab etmirəm".
Ekspertin sözlərinə görə, rus alimləri qlobal istiləşməni bəhanə edərək zülaldan asılı qalmamaq üçün bu addımı atıblar.
"Omnivorlar qrupuna daxil olan canlılar var ki, bunlar həm ət, həm ot yeyirlər. Əgər insan ət yeməsə, vitamin çatızmazlığı, B12 əksikliyi problemləri ortaya çıxar ki, bu bizim əzələlərimizin zəifləməsinə, yaddaşsızlığa gətirib çıxarar. İmmun sistemi zəiflədiyi zaman isə, hər cür xəstəliyə tez yoluxma riskimiz ortaya çıxır".
Ekspert sonda əlavə edib ki, ruslar ət və zülaldan asılı qalmamaq üçün bu addımı atsalar da insan sağlamlığı üçün zərərlidir.
"Yenə də hər bir alimin fikrinə hörmətlə yanaşmalıyıq",-deyə ekspert yekunlaşdırıb.
Sevinc Yarməmmədova