Yeniyetmələrin evdən qaçmasının səbəbləri-Psixoloqdan AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 20:15 20.12.2023
Son zamanlar yeniyetmələrin evdən qaçmaları halı artıb.
Onların bu addımlarının səbəbi isə müxtəlif olur.
Psixoloq Aytəkin Məmmədova sözügedən məsələ ilə bağlı informator.az- a açıqlama edib:
"Biz ilk növbədə yeniyetmələrin yeniyetməlik dönəmindəki inkişaf perioduna baxırıq.
Sosial mühit, təhsil faktorları, ailədaxili bağların düzgün qurulmaması, ailənin övladı düzgün şəkildə başa düşməməsi, uşağın emosional sferasının geri sabitliyini səbəb olaraq göstərə bilərik".
Psixoloq bildirib ki, uşaqlar bu yaş dönəmlərində bir çox məsələ haqda məlumatları olur, çoxunun telefon asılılıqları var.
"Yeniyetmələri təsir altına salmaq daha asan olduğu üçün kütləvi informasiya vasitələri onları ələ ala bilir.
Hər yeniyetmə mütləq şəkildə üsyan periodu keçirdir".
Bəs, bu məsələlərdə valideynin rolu nədir?
Psixoloq deyir ki, əgər valideyn övladı başa düşmürsə, ondan nəyisə doğru şəkildə tələb etmirsə, hər hansısa bir istismar halları varsa, təbii ki, burada valideyn və övlad arasında ciddi şəkildə problemlər var.
" Çox vaxt uşaq evdən qaçanda ya istismar olunur, ya həddindən artıq çox şiddət görür, ya da ümumiyyətlə, emosional uşaqdır, başa düşülmədiyini düşünür və yaxud da baxdığı, eşitdiyi nəsə ona təsir edir. Elə bilir ki, qaçsa, valideynini cəzalandırsa, valideyni artıq ona o rəftarı formalaşdırmaz.
Bəziləri baş verən hadisələri böyütməyə meyilli olurlar. Bu da yeniyetməliyin
əlamətidir. Biz bunu normal qəbul edirik. Çünki, həyata yeni adaptasiya olurlar, yeni atılırlar, məsuliyyətləri artır, öz fikir və hisslərini doğru şəkildə ifadə edə bilmirlər".
Aytəkin Məmmədova sonda qeyd edib ki, burada yönləndirmə mütləq şəkildə valideyndən asılıdır.
Lalə Qafarova