Mobil oyunlar günümüz gəncliyini passivləşdirirmi?-SORĞU
Bölmə: Sosial › ,Tarix: 19:34 21.12.2023
Müasir cəmiyyətdə valideynlərin və pedaqoqların ən böyük narahatlığı rəqəmsal əsrdə doğulan yeni nəslin internetdən və xüsusilə, rəqəmsal oyunlardan istifadə etməsidir.
Psixoloq Əfsanə Rüstəmova informator.az-a verdiyi açıqlamada qeyd edib ki, insanlar daima məsuliyyəti öz üstlərinə almaq yerinə nələri isə günahlandırmağı seçirlər, çünki ən rahat variant budur.
"İndiki halda gənclərin qayələrini tapa bilməməsi, ehtiyaclarının, arzuladığı, istədiyi və ya minimal onlara lazım olan şəraitin qurula bilməməsindən passivləşməni deməyə çəkindiyimiz üçün biz gənclərin mobil oyunlar vasitəsi ilə passivləşdiyini iddia edirik və onları, texnologiyanı, telefonları günahlandırmaq bizə asan gəlir".
Psixoloq eyni zamanda qeyd edib ki, bizlər müşahidə etsək görərik ki, həqiqətən, öz amalını tapmış heç bir insan və ya gənc gününü mobil oyunlarda keçirmir.
"Demək ki, mobil oyunlar həmin düşüncə və fikirlərdən qurtulmaq üçün sığınacaqdır. Biz həmin düşüncə və fikirlərin qarşılığını versək, mobil oyunlar təhlükə olmaqdan çıxır".
Əfsanə Rüstəmova əlavə edib ki, bunlardan əlavə hər kəsin maraq dairəsi fərqli olduğu üçün burada maraqlara da müdaxilə etmək doğru hal deyil.
Psixoloq deyir ki, biz burada ona diqqət etməliyik ki, mobil oyunları, sosial şəbəkələri, ümumiyyətlə, telefonu niyə təhlükə olaraq görürük, onların bizim əlimizdən nəyi aldığını düşünürük ki, belə düşmən mövqeydə, qərəzli baxırıq, heç cür uzlaşa, dostlaşa bilmirik.
"Məsələnin əsas mahiyyətini burada axtarmaq lazımdır. Oyunu həmin şəxs nə olaraq gördüyünə baxaq, o oyun onda hansı boşluğu doldurur ki, həyatının böyük hissəsində oyun var. Həmin boşluqların yerinə oyundan daha maraqlı, effektiv fəaliyyət qoymaqla biz bu audəçiliyi azalda bilərik.Yoxsa texnologiyanı, oyunları, sosial şəbəkələri pisləmə yanaşması ilə heç bir mövzuda effektiv ola bilmərik.
Ə.Rüstəmova son olaraq, insanlara onların dəyərlərini müəyyənləşdirməyə kömək eləmək lazımdır ki, onlar asudə vaxtlarını tələbatlarını ödəyəcək qədər dəyərləndirsinlər deyə qeyd edib.
Gənclərimiz də bu mövzu barəsində düşüncələrini informator.az-la bölüşüblər.
Bu məsələyə fərqli istiqamətlərdən baxmağa üstünlük verən Nahid Xəlilov qeyd edir ki, ilk növbədə oyunların məzmunu önəmlidir.
"Doğrudur, bəzi oyunlar var ki, bu oyunlar gəncləri passivləşdirir, onlarda asılılıq yaradır. Saatlarla telefon qarşısında olur, özlərini cəmiyyətdən təcrid edirlər. Təbii ki, bu da onlara həm fiziki, həm də əqli cəhətdən mənfi təsir göstərir. Lakin, intellektual və strategiya oyunlarının gənclərin problem həll etmə, planlaşdırma və ünsiyyət bacarıqlarını inkişaf etdirmələrinə kömək edə bilər".
Rəşidə Mirzəyeva deyir ki, yaşadığımız müasir dövrdə demək olar ki, yeni nəslin hamısı mobil oyunlar oynayır. Bəs bu oyunlarla oynamaq günümüz gənclərə necə təsir edir?
"Belə baxanda bu mübahisə doğuran bir məqamdır. Məncə, yeni nəsli istəsək də, bu oyunlardan uzaqlaşdıra bilmərik, amma həddini aşmamaq şərti ilə icazə verə bilərik. Mobil oyunlar uşaqların həyatına həm müsbət, həm də mənfi təsirləri çoxdur. Müsbət təsiri dedikdə uşaqlarda təfəkkürün daha tez inkişaf etməsinə kömək edir. Mənfi tərəfi isə çoxdur. Günümüzdə uşaqlar, əsasən, oğlan uşaqları silah oyunlarına daha çox maraq göstərirlər. Bu da gələcəkdə onların fəaliyyətini sual altında qoya bilər.
Oyunları müasir dövrümüzün qlobal problemlərdən birincisi hesab edən, Nahid Arifoğlu bildirir ki, gənc nəslin maraq göstərməsini nəzərə alaraq, bu səpkidə nəzarət əsas olaraq valideynlərin üzərinə düşür, onlar çalışmalıdırlar ki, övladları bu baxımdan daha da diqqətli olsunlar.
Çünki həm mobil oyunlar, həm də digər psixoloji, nevroloji və fəsadlara səbəb olacaq müxtəlif cür oyunlar vardır ki, bunların sayı gündən-günə daha da artmaqdadır, o baxımdan oyunlar həm uşaqların dərs çalışmağında, həm də digər dəyərləndirə biləcəkləri asudə vaxtlarının boşa getməsində böyük rol oynayır. Müxtəlif də oyunlar vardır ki, uşaqların inkişafına, zehni, əqli və digər cəhətdən faydalıdır. Həmin oyunlara daha çox maraq göstərilməsi lazımdır və hətta gərəklidir".
Fidan Əlizadə bildirir ki, məncə, passivləşdirir, indi xüsusi ilə uşağlar mobil oyunlarından çox istifadə edirlər və onlar telefonda vaxt keçirməkdən öz uşağlıqlarını yaşaya bilmirlər.
"Yəni bütün vaxtlarını telefonda oyun oynamağa sərf eləyirlər və öz yaşıdları ilə vaxt keçirə bilmirlər, əylənə bilmirlər. Oyunların uşaq həyatında böyük bir rolu var. Oyunlar uşağların düşünmə bacarığını da inkişaf etdirir, amma uşaq yaşıdlarıyla əylənməkdənsə, gedib telefonda vaxt keçirsə bu, təbii ki, gəncliyin passivləşməsinə gətirib çıxarar".
Çimnaz Məmmədova