Orta məktəblərdə telefon qadağan edilməlidirmi?-Ekspert açıqladı

Bölmə: Sosial › ,
Tarix: 19:46 21.12.2023

"Ölkəmizin təhsil müəssisələri elektron resurslardan istifadəyə görə dünyanın bir sıra aparıcı ölkələri ilə müqayisədə geridə qalır". Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

 

 

"Hər bir orta məktəb şagirdi tədris ilində minimum 11 fənn oxuyur, onların kitablarını əldə edir. Halbuki sosial şəbəkələrdə qeydiyyatdan keçən şagirdlərin sayı faydalı elektron resurslardan, dərsliklərdən istifadə edənlərdən qat-qat çoxdur. Ona görə, orta ümumtəhsil müəssisələrində yaşanan bəzi xoşagəlməz hadisələr də telefonun gətirdiyi nəticələrdir. Bütün bunları nəzərə alaraq, orta məktəblərdə mobil telefon istifadəsinin qadağan olunması məqsədəuyğundur.

Əlbətdə ki, orta məktəb şagirdinə mobil telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir. Yəni onun məktəbə daxil olması, məktəbdən çıxması barədə valideyininə operativ məlumat verir. 

Amma bunun üçün təklif edirəm ki, bunun üçün orta məktəblərin girişində turniketlər quraşdırılsın. Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olar. Həmçinin, məktəblərin girişində böyük şkaflar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamağa şərait yaratmaq olar".

 

 

Kamran bəy bildirib ki, qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində yalnız zərurət olduğu təqdirdə mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər.

"Qanunvericilik aktlarına uyğun olaraq deyə bilərəm ki, məktəbin daxili nizam-intizamının təmin olunmasına birbaşa məsuliyyət daşıyan məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir. Qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tədqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər.

Elektron vasitələr, mobil telefonlar şagirdlərin dərsə diqqətinin yayınmasına gətirib çıxarır. Ona görə, hətta müəllimlərin belə mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır. Çünki, dərs zamanı müəllimə zəng gəlir, o bayıra çıxdıqda dərsin gedişatı pozulur.

Ümumiyyətlə, tədris prosesinin gedişatını pozan vasitələrin orta məktəblərdə səmərəsiz istifadəsinə yol verməmək lazımdır. Amma elektron lövhələr, dərs izah etmək üçün istifadə edilən cihazlar, tədris prosesində faydalı məlumatlar almaq üçün işlədilən vasitələr məktəblərdə ola bilər. Sadəcə, elektron dərsliklər istifadə olunmadığına görə, orta məktəblərdə mobil telefon qadağasını gündəmə gətirmək doğru olar".

 

 

Ekspert qeyd edib ki, dünya ölkələrində də orta məktəblərdə telefon qadağası tədbiq olunur.

"Dünya ölkələrində də telefon qadağasından istifadə olunur. Belə ki, Fransa parlamenti ölkədə cari tədris ilində 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadəni qadağan edib. Fransa ilə yanaşı Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində telefondan istifadə qadağan edilib.

Hesab edirəm ki, ölkəmizdə belə bir qadağanın tətbiq olunması yalnız təhsilin keyfiyyətinə müsbət təsir edə bilər".

 

 

K. Əsədov son olaraq vurğulayıb ki, mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təhsilin keyfiyyətinə kömək edəcək.

"Düşünürəm ki, orta ümumtəhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təhsilin keyfiyyətinə kömək edəcək. Təkcə şagirdlərin deyil, məktəb daxilində müəllimlərin də bundan istifadəsinə məhdudiyyət qoymaq lazımdır. Çünki dərsin gedişində müəllimə zəng gəlir və dərs pozulur, keyfiyyət aşağı düşür".

 

Aydan İsayeva