Aqrar Sığorta

Bölmə: Sosial › ,
Tarix: 19:57 21.12.2023

Bu il ərzində fermerlərə 4 milyon manat sığorta məbləği ödənilib. İlin sonuna qədər bu rəqəmin 5 milyona çatacağı proqnozlaşdırılır. Bu barədə jurnalistlərə açıqlamasında Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov məlumat verib. Bildirib ki, sığorta hadisələrinin sayı əvvəlki illərdən 4 dəfə artıb.

 

"Sığorta hadisələrinin 50 faizi hava şəraiti səbəbindən baş verir. Bu ilin əvvəlində Qobustan, Şəki, Zaqatalada güclü küləklər, may ayında Aran bölgəsində, Goranboyda, eləcə də Cənub bölgəsində güclü leysan və daşqınlar fermerlərə ciddi ziyan vurub".

 

Fuad Sadıqov qeyd edib ki, ötən il sığorta yığımlarımız 15 milyon manat civarındaydısa və bu il o rəqəm 20 faiz artması gözlənilir.

 

"Bu gün sığorta haqları ümumi isehsal həcminin 10 faizini əhatə edir və bu o deməkdir ki, 90 faizlik istehsal həcmi hələ də sığortalanmır. Və bu sığorta haqlar formalaşdırması istiqamətində kifayət qədər potensial var. Yəni istehlakçılar öz istehsallarını müraciət edib sığorta edə bilərlər".

 

Payızlıq əkin sahələrinin sığortalanması ilə bağlı müraciətlərin emal müddəti uzadılıb. İstehlakçılar yanvarın 15-nə qədər fonda müraciət edə bilərlər.

 

Aqrar Sığorta Fondunun idarə heyətinin sədri əlavə edib ki, istehlakçılara, fermerlərimizə "sms" bildirişlər göndəriləcək.

 

"Ondan sonra onlar 5 iş günü ərzində onlar sığorta haqqını bank vasitəsilə və yaxud ödəniş terminalları vasitəsilə edərək xidmətdən yararlana bilərlər".

 

Bu il ölkədə 200 min hektardan çox əkin sahəsi quraqlığa məruz qalıb. Fondun, fermerlərə quraqlıqdan hansı formada təminat verəcəyi haqda müzakirə aparılır.

 

Fuad Sadıqov onu da qeyd edib ki, bunu başa düşməliyik ki, fondun inkişaf strategiyası mərhələli və ehtiyatlı davranmaq deməkdir.

 

"Yəni sığorta işinin prinsipi odur ki, hamıya vəd etsək fondun maaliyə dayanıqlığı yetərli olmadığı təqdirdə sistemin effektiv olmaması ilə nəticələnə bilər. Ona görə biz bunun üstündə mərhələli şəkildə işləyirik".

 

Qeyd edək ki, fermerlərə dəstək məqsədilə, illik sığorta haqqının 50 %-ni dövlət ödəyir.

 

Səbinə