Arzuların həyata keçdiyi o an-Orxan Əngəlsiz yazır...
Bölmə: Sosial › ,Tarix: 19:11 22.12.2023
Uşaqlıqda hamı kimi mənim də arzularım olub. Ən böyük arzum isə tez böyüyüb, tam sağalıb, əsgər olub, torpaqlarımızı düşmən taptağından azad etmək idi. Böyüdüm ... Amma arzum elə arzu olaraq da qaldı. Həkimlərin mənim üçün təyin etdiyi uşaq serebral iflic diaqnozu mənim bu arzumun həyata keçməsinə mane oldu...
Ta ki dünənə qədər. Ötən gün bu uşaqlıq arzum da həyata keçdi. Özüm əsgər olmasam da QƏRƏMAN ŞƏHİDLƏRİMİZ, İGİD ƏSGƏR VƏ QAZİLƏRİMİZİN sayəsində işğaldan azad olunan şəhərlərimizə səfər edə bilirik. Elə Xankəndiyə etdiyimiz bu səfər də mənim uşaqlıq arzumun reallaşmasından xəbər verirdi.
Bu möhtəşəm sevinci bir başa stadiondan canlı-canlı yaşadım. Belə deyirlər ki, jurnalist öz işinə hisslərini qatmamalıdır. Amma bəzi məqamlar var ki, bu mümkün olmur. Ona görə ki, mən jurnalistdən əvvəl Azərbaycan vətəndaşıyam. Hər nə qədər peşəkarlığımı qorumağa çalışsam da, belə məqamda sevincimi, həyəcanımı gizlədə bilmirəm.
Xankəndi şəhər stadionunda baş tutan “Qarabağ” – MOİK (1-0) oununda Prezident İlham Əliyevin iştirak etməsi də önəmli hadisə idi. Ölkə başçısı inamlı çıxışı ilə bir çoxlarına dağ çəkdi. Müzəffər Ali Baş Komandan tezliklə Ağdamdakı “İmarət” stadionun inşasının başlanılacağının da müjdəsini verdi.
Maraq üçün onu da qeyd edim ki, bu oyun Azərbaycan futbolu tarixində önəmli bir məqamla da yadda qaldı. Belə ki, müstəqillik dövründə ilk dəfə olaraq ölkə başçısı yerli komandaların iştirakı ilə keçirilən futbol matçını izlədi və hətta oyunda topa ilk toxunuşu da özü etdi. Bu çox vacib bir məqam idi.
Arzudan arzu doğur deyirlər. Ağdamda “İmarət”də görüşmək arzusu ilə...
Orxan Əngəlsiz