İnsanlar şərait yaradır və bu şəraitdə də viruslar inkişaf edir-Aydın Əliyev

Bölmə: Sosial › ,
Tarix: 20:55 22.12.2023

"Hazırda dünyada 2 müharibə gedir. Dünyanı idarə edən "şeytanlar" silahlı müharibə edirlər. Silahlı müharibədə də ekologiya çirklənir, elektrik enerjisi, benzin, havanın və suyun çirklənməsi, müharibəyə görə keyfiyyətsiz qidalar artır. Bütün bunların hamısı Allahın yaratdığı təbii mühiti zəhərləyir". - Bu sözləri informator.az-a açıqlamasında tibb üzrə ekspert Aydın Əliyev söyləyib.

 

Ekspert bildirib ki, biz təbiətdən ayrı yaşaya bilmirik. İnsan bədəni ilə təbiət bir birini tamamlayır. 

 

"Təbiəti bu qədər zəhərləmək olar?! İnsan orqanizmində xəstəlik törədən istənilən canlının- mikrob, virus, bakteriya və s. yetişməsi üçün mühit olur ki, insan bədəninin əksinə olan canlılar yetişir. Məsələn, göl uzun müddət çirkli qalanda malyariya yaranır".

 

Aydın Əliyev qeyd edib ki, digər tərəfdən ayrı-ayrı ölkələrin əlaqəsi var və bu əlaqələrə görə istənilən viruslar patogen xəstəliktörədici canlılar yayılırlar.

 

"Çox vacib məsələlərdən biri də odur ki, yuxarıda sadaladığım şərtlər daxilində insan bədəninin immuniteti zəifləyir, zəifləyəndə insan istənilən xəstəliyə tutula bilir".

 

Aydın Əliyev eyni zamanda qeyd edib ki, təbii ki bu virusların prinsipcə bir-birindən güclü fərqləri yoxdur.

 

"Amma əlamətləri zəif, öncəki COVİD'ə nisbətən zəif, qızdırma, temperaturdur. Son zamanların viruslarına fikir verin, bunlar daha çox qripə bənzər əlamətlər törədirlər".

 

Müsahib əlavə edib ki, bəzi alimlər var, yazırlar ki, qorxulu deyil. Xeyr, insan bədəninin əksinə olan istənilən canlı qorxuludur. 

 

"Ola bilər ki, onun qorxululuq dərəcəsi çox, yaxud azdır. Əgər insanın bədəni zəifdirsə, adi bir xarici təsir edən canlı insanda xəstəlik törədə bilir".

 

Ekspert təəssüflə bildirib ki, bu gün dünyada gözə görünməz canlılarla insanlar arasında gərgin mübarizə gedir və bu gözə görünməyən virus aləmini isə dünyada insanlar törədir.

 

"İnsanlar şərait yaradırlar və bu şəraitdə də viruslar inkişaf edir".

 

Viruslardan qorunmaq üçün nə etmək lazımdır?

 

Aydın Əliyev vurğulayıb ki, ciddi sanitar-gigiyenik qaydalara tabe olmaq, əhali çox olan yerlərdə maska taxmaq lazımdır. 

 

"Kimdə öskürək, bəlğəm kimi reaksiyalar varsa, insanlardan uzaq dursun".

 

Aynur Babayeva