Ölkəmizdə ingilis dilində danışıq ikinci plana atılır-Qoşqar Məhərrəmov

Bölmə: Sosial › ,
Tarix: 23:04 22.12.2023

İngilis dili dünyada ən geniş yayılan  dillərdən biridir. Bu dil dünyada dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. 



Dünya ölkələri kimi bizim ölkədə də bu dil həm orta, həm də ali məktəblərdə tədris edilir, CV üçün də əsas, önəmli tələblərdən biridir.
Azərbaycanda orta məktəblərdə ingilis dili üzrə əsasən qrammatikaya üstünlük verilir, danışıq üzrə mövzular azlıq təşkil edir, 11 il boyunca əsasən qrammatik qaydalar keçirilir, amma ali məktəblərdə isə xarici dil fənləri, o cümlədən, ingilis dili dərsi əsasən danışıq dili üzrə tədris edilir.

 


İnformator.az-a açıqlama edən təhsil eksperti Qoşqar Məhərrəmov deyir ki,Universitetin I kursundan etibarən xarici dilin tədrisi fundamental olaraq dəyişməlidir. Ekspert düşünür ki, ölkəmizdə ingilis dilində danışıq ikinci plana atılır.



"Sovet dövründə müəllimlərimiz ingilis dilini çox keçmirdi, ingilis dilinin qrammatikasını bilib, ancaq danışa bilmirdilər. Həmin dövrdə internetin olmaması, kinoların az olması səbəbilə Sovet dövründə yetişən  ingilis dili müəllimlərindən, ingilis dilində danışa bilənlərə çox az rast gəlinir, onlar ingilis dilində danışsalar belə çox ağır aksentlə danışırlar. Ancaq  o dövrdə rus dilinə məruz qaldığımız üçün ölkədə  rus dilində çox yaxşı danışılır.  Ümumiyyətlə, Azərbaycan xalqı xarici dili öyrənməyə meyilli xalqdır".

 

Müsahibin sözlərinə görə, bizim ingilis dili üzrə geri qalmağımızın səbəbi universitet müəllimlərinin ingilis dilində auditoriyada danışmamağı, bunun nəticəsində  məzun olan ingilis dili üzrə filoloqlar , müəllimlər və  tərcüməçilərin orta məktəblərdə də bu dili universitetdə öyrəndikləri kimi- qrammatika, fonetika, semantika ağırlıqlı  tədris etməsidir.

 

"Bunun nəticəsində də Azərbaycanda 25 düz yazan şagird olur, ancaq ingilis dilində sərbəst danışan az olur. Bunu bacaranlar isə ya kurslarla, ya da öz fərdi cəhdi ilə  öyrənirlər. Bunun həlli universitetlərdən başlayır. Fakültələrdə, dərslərdə ingilis dilində danışılmalıdır ki, ingilis  dili müəllimləri fəaliyyətə başladığı zaman ingilis dili onlarda vərdiş halını alacaq".

 

Bəs, ali məktəblərdə bunlar necə həll edilə bilər?

 

"Prosesə yeni müəllimlər cəlb etməli, müəyyən İELTS kursları, TOEFL kursları ilə əməkdaşlıq etməliyik.  Bəlkə də ingilis dili müəllimliyindən məruz olan şəxsdən 7-7,5 İELTS balı tələb etməliyik. Düşünürəm ki, belə olduqda tələbələrdə bu bacarığı formalaşdıra biləcəcəyik".

 

Qoşqar Məhərrəmov sonda qeyd edib ki, dövlət məktəbindəki müəllimlərə müəyyən təlimlər keçirilə bilər,  amma qısa müddətli təlimlər o qədər effektiv olmur.

Nəzrin Mirzəyeva