Yeni il hədiyyələri
Bölmə: Sosial › ,Tarix: 23:46 22.12.2023
Yeni ili ən çox maraqla gözləyənlər elə balacalardı. Valideynlər müxtəlif hədiyyələrlə onları sevindirməyə çalışırlar. Əsas üstünlük verdikləri də zəhmət tələb etmədən hazır şəkildə satılan Yeni il qutularıdı. Görünüşü gözümüzü aldatsa da, daxilində olan məhsullar bəzən göründüyü kimi ürək açan olmur. Bəs belə qutuları alarkən nələrə diqqət etməliyik?
Qida Təhlükəsizliyi Agentliyi istehlakçıları hədiyyə qutularının seçilməsi və ya valideynlər tərəfindən hazırlanması zamanı son dərəcə diqqətli olmaqlarını tövsiyyə edir.
AQTA-nın əməkdaşı İradə Hüseynli bildirib ki, qutuların içərisində xüsusi temperatur şəraiti tələb edən və yaxud da hansısa bir temperatur rejiminə riayət olunmadığı təqdirdə xarab olma ehtimalı yüksək olan yoqurtlar, kremli qənnadı məmulatları, və kəsmik içlikli məmulatların yerləşdirilməsinə yol verilmir.
"Hədiyyə qutularını seçərkən onların qablaşdırılmasının deformasiyaya uğramadığına, əzilmədiyinə diqqət yetirilməlidir. Valideynlər bu şirniyyatların uşaqlar tərəfindən istehlak miqdarına da diqqət yetirməlidirlər. Ən keyfiyyətli şokolad, konfet, marmalad həddindən çox istehlak edildikdə uşaqlarda diatez,karies və artıq çəki kimi problemlərə də gətirib çıxara bilər".
Alıcılar belə hazır şəkildə satılan qutuları alarkən üzərində qeyd edilən tarixə deyil, daxilində olan məhsulların hər birinin etiketi, istehsal tarixi və tərkibi ilə daha yaxından tanış olmalıdırlar. Hədiyyənin içində isə əsasən qablaşdırılmış məhsullara üstünlük verilməlidir. Əks halda xoşagəlməz hallar qaçılmaz ola bilər. İstehlakçılar belə paketləri alarkən içindəki məhsulun yararlılıq müddəti, saxlanma şəraiti və keyfiyyətində hər hansı bir şübhə yaranarsa bu zaman agentliyin "1003" çağrı mərkəzinə müraciət etməlidirlər.