Dayanacaqlardakı reklamlar
Bölmə: Sosial › ,Tarix: 20:37 25.12.2023
İşçi axtarılır, kirayə ev, torpaq satılır və başqa bənzər elan və reklamları bir çox avtobus dayanacaqlarının üzərində görmək mümkündür. Dayanacaqların üzərində reklamın yerləşdirilməsi üçün müəyyən hissələr ayrılıb. Bu yerlərdə reklam yerləşdirmək istəyənlər müəyyən ödəniş etməlidirlər. Bir çoxları adi A4 kağızlarında öz reklam və elanlarını çap etdirib istədikləri yerlərdə yapışdırırlar və ödənişlərdən boyun qaçırdırlar. Sonda üst-üstə yapışdırılan belə reklamlar xoşagəlməz görüntü yaradır. Və əslində belə hallar üçün konkret cərimələr nəzərdə tutulur.
Belə reklam və elanları avtobus dayanacaqlarında yapışdıranlar daha çox müştəri qazanmağa çalışırlar, amma yaranan mənzərəni sakinlər də heç də xoş qarşılamır.
Yasamal rayon 56 saylı MKTB-nin mühəndisi Nurəddin Məmmədov bildirib ki, vətəndaşlar hər dəqiqə bu kağızları gəlib şüşlərə yapışdırırlar, bu da işçilər üçün bir iş yaradır.
"Biz mütamadi olaraq deməy olaraq olar həftədə 2 dəfə, 3 dəfə bəzən 1 dəfə təmizləyirik, amma yenə də yapışdırırlar. Bizim üçün artıq bir iş əmələ gəlir də burda küçə təmizliyindən başqa bir də şüşələrin təmizlənməsi işçiləri yorur".
Mühəndis qeyd edib ki, qanunlara əsasən dövlət əmlakının zədələnməsi, yararsız hala salınması kimi qəbul edilən bu hal qadağandır.
"Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə isə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir".
Sərxan