İzi Silinmiş Xatirələr-Günay Yelmarqızı yazır...
Bölmə: Sosial › ,Tarix: 21:05 25.12.2023
Ağdama işğaldan azad ediləndən 8 gün sonra getmişdim. 27 ildən sonra 12 yaşımla görüşdən təəssüratlarımı düz 3 il sonra qələmə ala bildim. Müharibədə də belə olmuşdu. Ağdamdan çıxandan hardasa 20 il sonra içimdəkiləri yaza bilmişdim. Buna yazmaq demək mümkündürsə… Bəzi duyğuları dilə gətirmək çox çətin olur….
27 ildən sonra ilk dəfə doğulduğum torpağa gedirəm. 12 yaşında tərk etmək məcburiyyətində qaldığım doğma şəhərə. Yaddaşımda uşaqlığımdan qalan 5-10 xatirə ilə 12 yaşımla görüşə tələsirəm. Uşaqlığımın Ağdamından heç olmasa bir iz tapmaq ümidilə. Ancaq yolboyu gördüyüm dağıntılar qorxuya salır məni, vahimə bürüyür...
Şəhərə çatanda qarşımda bomboz səhra açılır. Xəyalımdakı, xatirəmdəki Ağdamdan əsər-əlamət yoxdur. 27 il doğma nəfəssiz qalan şəhərdə adamın iliklərinə işləyən bir kədər var. Qəribə səssizlik çöküb, qulaq batıran sükut...İllərin ayrılığında qəribsəmiş bir şəhər görürəm. 27 il içinə atdığı qəhəri göz yaşı ilə selə çevirməyə hazır bir şəhər…Az qala qucaqlamaq istəyir adamı: “Harda idiniz 27 ildir?"
Gözüm görə bildikcə ətrafa baxıram, səmanı süzürəm. Ağdamda salamat qalan yeganə tikili - Məscidin iki minarəsindən yayılan Azanı dinlədikcə ürəyim sızıldayır: “27 ildir kimsəsiz qalan bu şəhərin ruhunda nə yaralar var İLAHİ!”
Bəs mənim uşaqlığım? O hanı? Hansı küçədə, hansı döngədə, hansı tindədir görəsən? Kimsəsiz küçələrdə addımladıqca itirdiyim uşaqlığımı axtarıram. İllərdir nigaran gözləri yolda qalan, qəribsəyən, böyümyəyən uşaqlığımı.
Bir vaxtlar boynumu uzadıb heyran-heyran baxdığım Ağdam Çay Evin gəzir gözlərim – yoxdur!
Qonaq gəldiyim doğmaların səsi gəlir qulağıma, evlərindən bir iz axtrıram – yoxdur!
Atamın maşını ilə gəzintiyə çıxdığımız küçələr - yoxdur!
Bəs sevimli “Love is...” saqqızından almaq üçün qarşısında ayaq saxladığımız köşk? O da yoxdur!
Sevgi həm də doğulduğun şəhər, gəzdiyin küçəymiş sən demə...Amma yoxdur!
İndi bu şəhərin küçələri də yoxdur, döngələri də. İllərdir ot-alaqdan izləri itib. İllərdir yaddaşımda qoruduğum xatirələrin yerindəki böyük boşluq ağrıdır məni. Bu boyda yoxluq olar İLAHİ?!
Dünyanın ən səs-küylü şəhəri dünyanın ən miskin şəhərinə çevrilib.
Nəhəng boşluğun ortasında səssizliyi dinləyərkən dəli bir ağlamaq keçir içimdən, bütün dünyanın eşidə biləcəyi qədər qışqırmaq - mənim uşaqlığımı niyə öldürdünüz?! Amma səsim çıxmır. Gözümdən bir gilə də yaş tökülmür. Sususram... Bəlkə də utanıram bu şəhərin sükutundan...Daha çox incitmək istəmirəm onsuz da yaralı şəhərimi.
12 yaşımla görüşdən əliboş ayrılıram...Uşaqlığımdan bir parça, bir iz belə tapmadan.
Uşaqlıq illərimin keçdiyi ata-baba yurdum - Muğanlı kəndindəki evimizədi son ümidim. Bakıya qayıdan kimi dostlara yazıram: “Bizim ev dururmu görən?"
- Ermənilər sizin ev şumlayıb, yerində əkin əkib. İzi belə qalmayıb bu dünyada...
Amma bir vaxtlar həyat qaynayırdı o evdə. Dünyanın ən gözəl samovar çayının tüstüsü yayılırdı ətrafa. Ən ətirli təndir çörəyini birinci dadmaq üçün Təndirin başında daynan nənəmin yanına qaçırdım...
Günəş bizim bizim evin arxasına keçən kimi qonşu uşaqlar səsləyirdi: "Hardasan başlayırıq?". İkinci mərtəbədə yay taprşırığını tamamalayarkən "hamı yığışdı mən qaldm" həyəcanı ilə gözüm pəncərədə qalırdı: “Gəlirəm!”
“Ortada qaldı”, “Yeddi şüşə”, “Gizlənpaç”. Səsimiz bütün məhəlləni başına alırdı: “Cığallıq elədin Pərvin!. Oynamıram!”
Sonra silah səsləri, sonra Müharibə!. Ən son "Qrad" mərmilərinin "yağışı" altında tərk etdiyimi xatırlayıram evimizi. Bu, mənim uşaqlığımla son görüşüm, müharibə ilə yaxından tanışlığım idi.
Sonra natamam yaşanan 27 il!
Hardasa oxumuşdum ki, insan səsləri itmir - danışdığımız, bir-birimizə dediyimiz sözlər kainatın ənginliklərində qorunur. O vaxtdan tez-tez səmaya baxıram.
Yer üzündə izi qalmasa da, Göy üzündə izi var xatirələrimin...Buna ianıram…
Günay Yelmarqızı