Qarabağa səfər

Bölmə: Sosial › ,
Tarix: 21:32 25.12.2023

Yerli və xarici turistlər artıq şəxsi avtomobilləri ilə işğaldan azad olunan ərazilərə səfər edə biləcəklər. Bunun üçün xüsusi portal yaradılıb, portaldan istifadə qaydaları və Qarabağa gediş-gəlişlə bağlı bilməli olduğumuz bir sıra vacib məqamlar var.

 

Şəxsi avtomobillərlə Qarabağa səfər etmək istəyənlərə bu il dekabrın 27-dən etibarən icazə veriləcək. İlkin mərhələdə istiqamət yalnız Şuşa şəhəri və Tərtərin Suqovuşan qəsəbəsinədir. Bunun üçün iki gün öncədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Turizm Agentliyinin birgə ərsəyə gətirdiyi “Yolumuz Qarabağa” adlı portaldan qeydiyyatdan keçmək mütləqdir.

 

Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov bildirib ki, Şuşa şəhərinə səfərlərin müddəti iki gün müəyyən edilir, yəni turist və ya Azərbaycan vətəndaşı istəsə Şuşa şəhərində bir gün qala bilər, istəsə isə iki gün qala bilər bu onun öz seçimidir.

 

"Suqovuşan qəsəbəsinə isə səfər bir gün ərzində baş tutacaq. Vətəndaşlar gün ərzində Suqovuşan qəsəbəsində Suqovuşan parkı ilə tanış olacaqlar, orada vaxt keçirəcəklər və daha sonra həmin gün ərzində geri dönəcəklər".

 

Tələblər bununla kifayətlənmir. İstifadə olunan şəxsi avtomobilin dövlət qeydiyyat nişanı portala daxil edilməli, səfərdə iştirak edənlərin sayı isə sürücü ilə birgə maksimum 9 nəfər olmalıdır və hər birinin adı, soyadı və digər şəxsi məlumatları təyin edilən sistem üzərində əksini tapmalıdır. Yola çıxanda isə qrup rəhbəri, başqa sözlə səfər üçün icazə alan şəxs mütləq avtomobildə olmalıdır əks halda işğaldan azad olunan ərazilərə daxil olmağa icazə verilməyəcək.

 

Məhəmməd Muradov qeyd edib ki, marşurutla bağlı əsas tələb ondan ibarətdir ki, Şuşa şəhərinə səfər etmək üçün mütləq Füzuli şəhərinin Alxanlı kəndindən giriş etmək lazımdır, Zəfər yolu ilə hərəkət etmək lazımdır, Şuşa şəhərinə çatmaq lazımdır.

 

"Suqovuşan qəsəbəsinə münasibətdə isə həm Tərtər rayonundan, həm də Goranboy rayonundan giriş etmək mümkündür".

 

Digər bir vacib məqam səfərdə iştirak edəcək şəxslərin təhlükəszilik məsələsidir. Hər kəsə məlumdur ki, ərazilər minalardan, partlamamış sursatlardan tam təmizlənməyib. Məhz bu problemlərlə qarşılaşmamaq üçün Daxili İşlər Nazirliyi əməkdaşlarının xüsusi göstərişi əsasında hərəkət etmək mütləqdir. 

 

DİN-in əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, vətəndaşların hərəkəti yalnız müəyyən edilən istiqamətlər üzrə təşkil olunacaq və təhlükəsizlik məqsədi ilə marşurutdan kənar istiqamətlərə, ərazilərə vətəndaşların keçidinə icazə verilməyəcək.

 

"Bununla bağlı müvəqqəti polis postlarında sürücülərə təlimatlar, bildirişlər təqdim olunacaq".

 

Qeyd edək ki, səfərlərin nizamlı təşkili və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin dövrdə gün ərzində Şuşaya 80, Suqovuşana isə 60 minik avtomobilinin səfər etməsinə icazə verilməsi nəzərdə tutulur. Hər birində maksimum 9 nəfərə icazənin verildiyini nəzərə alsaq bu, bir gündə Şuşaya 720, Suqovuşana 540 nəfərin səyahətinə icazə deməkdir.

 

Gündüz