Sınaq imtahanının keçirilməsi labüddür-Elçin Əfəndi

Bölmə: Sosial › ,
Tarix: 18:37 26.12.2023

Dövlət İmtahan Mərkəzi 2024-cü il 14 yanvar tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün yeni imtahan modelinə uyğun sınaq imtahanı keçirəcək.

 

Bu barədə informator.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, yeni imtahan modeli tətbiq edildikdən sonra imtahan verən namizədlər üçün sınaq imtahanının keçirilməsi labüddür.

 

"Çünki onlar öyrəşməlidirlər, hansı modeldə suallar olacaq. Bu barədə məlumatlar olması vacibdir və bu nöqteyi-nəzərdən DİM sınaq imtahanı keçirir".

 

Ekspert qeyd edib ki, modelin təbii ki, hansı formada qarşılanacağı, necə olacağı imtahandan sonra daha dəqiq bəlli olacaq. 

 

"Yəni bu barədə namizədlər öz fikirlərini bölüşəcəklər. Amma yenə də onların bu sualları görməsi onun üçün vacibdir ki, artıq imtahanda biləcəklər ki, hansı formatda suallar öz əksini tapacaq".

 

Elçin Əfəndi düşünmür ki, yeni imtahan modeli hər hansı bir ciddi dəyişiklik yaratsın.

 

"Çünki bilirsiniz, əsas ingilis dili ilə bağlı olan məsələdir və bakalavrlara da bu prosesi dövlət imtahan mərkəzi bir neçə ay bundan öncə elan etdiyi üçün hazırlıqlıdırlar. Ola bilər ki, müəyyən çətinliklər olar, amma bu ümumi imtahan nəticələrinə ciddi şəkildə təsir etməyəcək".

 

Ekspert eyni zamanda qeyd edib ki, sınaq imtahanının pullu keçirilməsində hər hansı narahatlıq yoxdur.

 

"Bu elə bir prosesdir ki, mütləq müvafiq olaraq kağız daşıyıcılardan istifadə, işçilərin əməkhaqlarının verilməsi və bu kimi amilləri nəzərə aldıqda, imtahan kütləvi xarakter daşıdığı üçün pullu keçirilməsində bir narahatlıq görmürəm. Çünki DİM publik-hüquqi şəxs statusludur və özü özünü maliyyələşdirir. Sadəcə qiymət hər bir namizədin iştirak edə biləcəyi həddə olsa, daha məqsədəuyğun ola bilər".

 

Elçin Əfəndinin fikrinə görə, bu model tətbiq olunacaq və artıq imtahanadək bakalavrlar hazırlıqlı olacaqlar. Bu il imtahan verənlərin nəticələri də magistraturaya ötən ilki qəbulda olan imtahan nəticələrindən bir o qədər də fərqlənməyəcək, hətta bu il daha yaxşı nəticələr də ola bilər.

 

Aynur Babayeva