"Azərbaycanda Beynəlxalq Təhsil İmkanları" forumu keçirilib

Bölmə: Sosial › ,
Tarix: 20:55 26.12.2023

Bu gün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Azərbaycanda Beynəlxalq Təhsil İmkanları" forumu keçirilib. Bu barədə informator.az-a açıqlama verən təhsil eksperti Elmin Nurizadə bu forumun əcnəbi tələbələrin Azərbaycan Təhsil müəssisəsindəki mövqeyi ilə bağlı bir çox reallıqları üzə çıxarmış olduğunu söyləyib.

 

"Öncədən onu deyim ki, forum iştirakçılarının biri olaraq Elm və Ali Təhsil üzrə Agentliyin bu foruma Azərbaycan universitetlərindəki əcnəbi tələbələrin mövqeyi ilə bağlı hazırlığı çox yüksək səviyyədə idi. Yəni həqiqətən də ən xırda statistik göstəricilər də analiz edilib, monitorinqlər yüksək səviyyədə aparılıb".

 

 

Ekspert deyir ki, düzdür, bir neçə il bundan əvvəllə indiki dövr arasında kəskin fərq yoxdur. Amma bir neçə məsələdə artıq az da olsa, addımların atıldığının fərqindəyik.

 

"Məsələn, ilk dəfə olaraq bu il Azərbaycanda oxuyan əcnəbi tələbələrin sayı nəhayət ki, 10 minə çatdı. Müstəqillik əldə etdiyimiz dövrdən indiyədək biz bu rəqəmə qətiyyən çata bilməmişdik. Doğrudur, rəsmi statistikalara görə, 110 ölkədən 9912 tələbənin oxuduğu qeyd edilir. Amma verilən rəsmi məlumata görə, hazırda bir çox tələbənin qeydiyyatı aparılır ki, onlar da təsdiqləndikdən sonra bu say 10 mini keçəcək".

 

Elmin Nurizadə qeyd edir ki, bu gün Azərbaycanda əcnəbi tələbələrin təhsili ilə bağlı müəyyən addımlar atılır, amma yenə də əvvəlki illərdə olduğu kimi, əcnəbi tələbələrin sayında ilk 3 yeri Türkiyə, İran və Gürcüstan tutur.

 

"Bu da bəllidir. Hələ ki biz Avropanın nəhəng ölkələrindən olan gənclərin Azərbaycanda təhsil almasını gözləyə bilmərik. Yeri gəlmişkən, 110 ölkə az rəqəm deyil. Onların eləsi var ki, 1 və ya 2 tələbəsi bizdə təhsil alır, hər halda bu da bir göstəricidir".

 

Müsahib düşünür ki, ali təhsil müəssisələrimizin beynəlxalq reytinq göstəricilərində mövqeyi yüksəldikcə əcnəbi tələbələrin də universitetlərimizə cəlb edilməsi artacaq.

 

"Daha doğrusu, bunun yaxşılaşdırılması ilə bağlı fəaliyyət proqramına daha həvəslə yanaşa biləcəyik". 

 

Ekspert eyni zamanda deyir ki, az da olsa, biz artıq bu istiqamətdə ciddi əməli fəaliyyətə başlamışıq.

 

"Bunun bir çox modelləri var. Bu modellərdən biri də Beynəlxalq Təhsil proqramlarıdır. Orda da vurğulandı ki, Azərbaycana gələn gənclərin bir çoxu bu proqramlar vasitəsilə gəlib. Yalnız bir ildə 5800-ə qədər əcnəbi vətəndaş Azərbaycanda oxumaq üçün həmin beynəlxalq proqramlara müraciət ediblər".

 

Elmin Nurizadə onu da qeyd edir ki, ilk pillədə təhsilimiz adına uğurlu hesab olunmalı proqram "Heydər Əliyev adına Beynəlxalq Təhsil proqramı" durur. 

 

"Təhsil Nazirinin də dediyi kimi, bu proqram təhsilimizin inkişafı və xarici ölkələrdə tanınması istiqamətində xarici ölkələrdə önəmli yer tutur".

 

Ekspert vurğulayır ki, forum o demək deyil ki, yalnız görülən işlərlə bağlı statistikaları əks etdirsin. Forumda müəyyən sahənin çatışmazlıqları, problemlər və onların aradan qaldırılması yolları öz əksini tapır ki, biz burda da bunun şahidi olduq.

 

"Əcnəbi tələbələrin bu gün Azərbaycana cəlbi ilə bağlı bir çox problemlər var. Universitetlərimizin infrastrukturu, yataqxana şəraiti, müəyyən təqaüd proqramları, reytinq cədvəlində bir o qədər də öndə olmamağımız kimi problemlər var. Bunlar qala-qala biz əcnəbi tələbələrin birdən-birə Azərbaycana axınını gözləyə bilmərik".

 

Aynur Babayeva