Qızılçaya qarşı peyvənd gətirilib
Bölmə: Sosial › ,Tarix: 21:10 26.12.2023
Ölkəmizə qızılcaya qarşı peyvəndlər gətirilib. Vaxtında vaksinasiya olunmayan müəyyən yaş aralıqlı şəxslər peyvənd olunacaqlar.
Yoluxmaların qarşısının alınması məqsədi ilə gətirilən bu peyvəndlər 11 yaşdan 40 yaşa qədər olan əhalinin peyvənd olunması üçün nəzərdə tutulub.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva açıqlamasında bildirib ki, keçən həftə bu vaksin Respublikanın bütün şəhər rayonlarına paylanılıb.
" Hal - hazırda bütün rayonların mərkəzi rayon xəstəxanalarında bu vaksin var. İstifadəsinə başlanıb. Eyni zamanda Bakı şəhərinin poliklinikalarıda həm uşaq poliklinikalarında, həm də böyüklər üçün poliklinikalara paylanılıb".
Bu istiqamətdə aparılan işlər yekunlaşdırıldıqdan sonra vətəndaşlar öz yaşayış yerləri üzrə poliklinikalara müraciət edərək peyvənd oluna biləcəklər.
TƏBİB-in mətbuat katibi Zamirə Ədilova açıqlamasında bildirib ki, hazırda immunizasiya tədbirlərinin təşkili üzrə işlər həyata keçirilir.
"İdxal olunan peyvəndlərin təhvil-təslimi yekunlaşdıqdan sonra tibb müəssisələrində qeyd olunan əhali kateqoriyasından olan şəxslərin qızılcaya qarşı peyvəndlənmə prosesinə başlanılacaq".
Qeyd olunur ki, 11- 40 yaşlı əhali qruplarının 1 dəfə peyvənd olunması kifayət edir və peyvəndləmə prosesi könüllü şəkildə həyata keçiriləcək.
Gülnar Ələmdarqızı