Öncə özünüzü uşağınızın yerinə qoyun, sonra tənbeh edin!
Bölmə: Sosial › ,Tarix: 13:48 27.12.2023
Bir neçə ay bundan əvvəl uşaq evlərindən birində olanda gözümə bir qız uşağı dəydi. Sakitcə bir küncdə durmuşdu, səs-küyə, hərəkətliliyə ürkək gözləri ilə baxırdı, heç kimə qoşulmurdu. Yarım saatdan sonra dostlaşdıq.
Uşaqlar həsassdır, sosiallaşmaqdan çəkinən bu cür uşaqlar isə ikiqat həssasdırlar, onlarla rəftarda çox ehtiyatlı omaq lazımdır. O zaman nələri etməliyik ki, onların sosial bacarıqlarını artıraq və nəticədə uşaqlar rahat ünsiyyət qura bilsinlər.
Paylaşma - bu, uşaqlar üçün vacib sosial-emosional öyrənmə fəaliyyətidir, çünki paylaşma dostluq münasibətlərini qoruyub saxlamağa və inkişaf etdirməyə imkan verir. Bu, başqaları ilə əlaqə saxlamaq və minnətdarlıq bildirmək üçün əla fürsətdir.
Dinləmə - düzünə qalsa böyüklər də dinləmədə mükəmməl deyillər, hətta çətinlik çəkirlər. Uşaqlar üçün çətin olsa da, aktiv dinləmə onların dil qabiliyyətlərini (danışıq dilini anlamaq qabiliyyəti) inkişaf etdirə bilər. Kiminsə dediklərinə diqqət yetirmək, onların iddialarına və ya suallarına cavab vermək sağlam ünsiyyətin əsas aspektidir.
Təlimatlara əməl etmə - uşaqlar bağçada əldə etdikləri sosial bacarıqları məktəbə başlayanda davam etdirməlidirlər, bu onların təlimatlara əməl edə bilmələri üçün çox vacibdir. Təlimatlara əməl etmək bacarığını inkişaf etdirmək üçün onlara hər dəfə bir istiqamət verin.
Birgə işləmək və əməkdaşlıq - komanda işi uşaqlara öz fikirlərini demək üçün çox mühümdür. Hətta güclü komanda işi və əməkdaşlıq uşaqlara başqalarının fikirlərini dinləmək imkanı da verir. Övladlarınıza başqalarının fikirlərinə hörmət etməyə kömək edəcək yaxşı davranışlar öyrədin.
Səbr, təmkin - əslində, əksər böyüklər gözləməyi sevmir, uşaqlar isə lap hövsələsizdirlər. Uşaqlarınıza səbrli olmağı öyrətmək lazımdır. Dil bacarıqları inkişaf etdikcə və daha çox təcrübə əldə etdikcə, uşağınız daha səbirli olacaq, həmyaşıdları ilə oyun vaxtı öz növbəsini gözləyəcək, restoranda yemək və ya teatrda şou və ya pantomimanın başlamasını səbrlə gözləyəcək.
Empatiya - uşağınızın empatiya inkişafını dəstəkləməyin ən asan yolu öz hərəkətlərinizdir. İlk olaraq özünüzü uşağınızın yerinə qoyun. Əgər siz bunu tez-tez etsəniz, uşaqlar da başqalarına lütf göstərməyi öyrənəcək.
Sərhədləri aşmamaq, həddi bilmək - bu çox çətin bir anlayışdır, xüsusilə evdə tam sosiallaşan uşaqlar üçün son dərəcə çətin ola biləcək bir anlayışdır.
Nikbinlik - problemlərin öhdəsindən gəlmək üçün pozitivliyə diqqət yetirmək lazımdır və bu, uşaqlar üçün müsbət sosial bacarıqları, xüsusən də səbr, sərhəd, dinləmə və paylaşmağı əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. Əgər uşağın nikbin dünyagörüşü varsa, o zaman dostluq etmək, məktəbdə yaxşı oxumaq və məqsədlərinə nail olmaqda daha asan yollar tapacaq. Uşaqların sosial bacarıqlarının inkişafı (qaçılmaz səhvləri ilə birlikdə) mövzusunda nə qədər inamlı və nikbin olsanız, o da özünü bir o qədər rahat və inamlı hiss edəcək.
Xanım Niftəliyeva
Psioxoloq-psixoterapevt