Azyaşlı piyadavurma halları artıb

Bölmə: Sosial › ,
Tarix: 15:30 27.12.2023

7 yaşa qədər 21 uşaq avtomobil qəzalarında həyatını itirib. Tələsib özünü də, övladını da təhlükəyə atan valideynlərin sayı yüzlərlə, minlərlədir. Heç biri də özünü günahkar bilmir. Müşahidə kameralarına düşən azyaşlıların vurulması halları da aydın göstərir ki, balacaları bu təhlükəyə atan məhz yanlarındakı böyüklərdir.

 

NİİM-nin mətbuat katibi Ömər Xıdırov bildirib ki, müşahidə kameralarının görüntülərini təhlil edərkən görürük ki, bəzi valideynlər var ki, yanlarında azyaşlı övladları olmasına baxmayaraq xüsusi ilə də yaxınlıqda yeraltı və yerüstü piyada keçidlərinin olmasına baxmayaraq bir başa yolun hərəkət hissəsindən istifadə edirlər və təəsüf edici məqam odur ki, belə olan hallarda da yol nəqliyyat hadisələrinin, xüsusi ilə də uşaqların və valideynlərin ölümü və yaxud da xəsarətilə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur. 

 

Bu ilin 11 ayı ərzində, avtomobil qəzalarında istər piyada, istərsə də sərnişin qismində həyatını itirən və xəsarət alan uşaqların sayı heç də az deyil. 

 

BDYPİ-nin inspektoru Elvin Hacıyev qeyd edib ki, cari ilin 11 ayı ərzində yaşı 7-yə qədər olan 21 uşaq dünyasını dəyişib, 40 uşaq isə xəsarət alıb. 

 

"Yol nəqliyyat hadisələrində uşaqların və yeniyetmələrin dünyaını dəyişməsi ciddi şəkildə narahatlıq doğurur. Bütün hərəkət iştirakçılarını, xüsusən də sürücüləri yollarda uşaq və yeniyetmələrə qarşı diqqətli olmağa çağırırıq, valideynlərdən isə uşaqları nəzarətsiz buraxmamalarını xaiş edirik".

 

Yolu nizamlanmayan yerdən keçən piyadalar üçün cərimə də var - yolun sürətindən asılı olaraq 20 manatdan 40 manatadək. Təəssüfləndirici məqam odur ki, bir neçə dəfə cərimələnən, amma eyni qayda pozuntusunu davam etdirən piyadalar var. Uşaqlarla bağlı məsələdə bundan daha pisi başqa məqam- gələcəyə sosial məsuliyyət hissindən uzaq vətəndaş yetişdirməkdir.

 

Sərxan