"Yaşıl dünya naminə həmrəylik ili"ndə hansı addımlar atıla bilər?-Ekoloqdan AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 17:54 27.12.2023
Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
"Yaşıl dünya naminə həmrəylik ili"ndə hansı addımlar atıla bilər? Azərbaycanın ekologiyası ilə bağlı hansı işlər görülməlidir?
İnformator.az - a açıqlama edən ekoloq Qorxmaz İbrahimli qeyd edir ki, bu addım çox təqdir olunacaq haldır.
"Azərbaycanda illərdir enerji sektorunda yaşıl enerjinin payı çoxalıb, bildiyimiz kimi, Azərbaycan artıq karbohidrogen ehtiyatlarından əlavə olaraq ekoloji, təmiz, külək enerjisi, günəş enerjisi kimi enerjiləri ixrac etməyə başlayacaq bir ölkə olacaq. Bunun üçün hazırlıqlar gedir. Azərbaycan artıq qarşıya qoyulmuş planın üstünə də çıxmağa başlayıb. Ekologiyamızla bağlı bir çox problemlər var və bu problemlər 2024-cü və ya 2025-ci illərdə həll oluna biləcək məsələlər deyil. Bildiyimiz kimi, Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra ölkəmizdə xüsusilə, Bakı və Abşeron yarımadasında neft çıxarılması nəticəsində torpaqlarımız çirklənib.
İllərdir dövlətimiz bunun təmizlənməsinə sərmayə ayırır, təmizlənməsinə çalışır".
Ekoloq əlavə edir ki, Xəzər dənizinin çirklənməsi kritik həddə yaxın vəziyyətdədir, onun faunasına da, florasına da böyük ziyan dəyib.
"Bunun üçün Azərbaycanda çox işlər görülüb və hələ də görülür. Bu gün Xəzərə axıdılan çirkab suları çox mənfi təsir edir, Xəzərdə yaşayan canlıların məhv olmasına səbəb olur".
Müsahib yaşıllıqların salınması, qorunmasını təklif edir.
"Xüsusilə, karbon dioksidi yaradan maşın və texnikaların istifadəsi tədricən azaldılmalı, ölkəyə idxal olunan avtomobillərə diqqət edilməlidir, hibrid və ya tam elektriklə çalışan avtomobillərin artırılmasına artırılmasına çalışılmalıdır. Bununla yanaşı, köhnə texnikalar aradan qaldırılmalı, şəhərsalmalarda dəyişikliklər edilməli, ətraf mühitə daha az zərər verən sənaye müəssisələri istifadəyə verilməlidir. Bu gün Azərbaycanda ciddi işlər aparılmalıdır".
Ekoloq düşünür ki, ekologiya ilə bağlı tədbirlərə təhsil sahəsində də yer verilməlidir.
"Məktəblilər ekoloji təhsil almalı, bağçalardan başlayaraq məktəblilərin çevrəyə duyarlılığı artırılmalıdır. Bunun nəticəsində gələcəkdə torpaqların, çevrəmizin, təbiətimizin daha da qorunmasında yaxından iştirak edəcəyik".
Qorxmaz İbrahimli sonda qeyd edir ki, Azərbaycanda su qıtlığı problemi var, gələcəkdə bu gözlənilir, bunun olmaması üçün insanlar sudan qənaətlə istifadə etməyə çalışmalıdırlar.
"Su israfçılığının ortadan qaldırılması üçün sensorlu su musluğu istifadə edilməyə keçirilməlidir, bunun üçün də bunların qiymətinin uyğun olmasına çalışılmalıdır".
Nəzrin Mirzəyeva