Övladlarımıza pul veririk, amma xərcləməyi öyrətmirik-Psixoloq açıqlayır

Bölmə: Sosial › ,
Tarix: 18:21 27.12.2023

Bəzən uşaqlar marketlərdə, mağazalarda aqressiv davranışlar göstərirlər, istədikləri alınmayanda qışqırırlar, ağlayırlar. Bu zaman valideynlər nə etməlidir? 

 

Bu barədə informator.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyir ki, bu səhnə ilə hər gün marketlərə girəndə rastlaşırıq.

 

"Valideynlər uşaqlara nəyisə anlatmağa çalışırlar, amma uşaqlar etiraz edərək qışqırırlar. Uşaqlar balaca manipulyatordurlar. Onlar bilirlər ki, ağlasalar, valideyn onu edəcək. Çünki uşaq bunu öncədən yoxlanışdan çıxarır. Yəni əvvəl istəyir, valideyn etmir, sonda ağlayır qışqırır, valideyn utanmamaq üçün bunu edir. Uşaq da sonrakı dəfələr artıq ümumiyyətlə istəmir, başlayır ağlamağa, qışqırmağa ki, valideyn birbaşa onu etsin. Çünki o, onu edərək sınaqdan çıxarıb".

 

Psixoloq qeyd edir ki, hər bir uşağın nəyisə istədiyində valideynin almaması normaldır.

 

"Hətta bəzən marketdə qarşılaşıram ki, valideyn almayanda digər kənardan heç onu tanımayan şəxs almağa cəhd edir. Heç vaxt bunu etməyin. Valideyn öz uşağını bu cür tərbiyə edirsə, siz ona qarışa bilməzsiz. Siz ona deyə bilməzsiz ki, yox, mən alım".

 

Gülnar Orucova qeyd edir ki, ümumiyyətlə, marketdə hər şeyi əldə etmək istəyən və yox bunu almayım, anamın pulu yoxdur, deyən uşaqları müqayisə etsələr, deyərlər ki, hər şeyi başa düşən, anasını yoxdu deyə aldırmaq istəməyən uşaq daha yaxşı, digəri isə pis uşaqdır. Amma elə deyil. 

 

"Amma biri qıtlıq enerjisi ilə böyüyür, yəni şüur altında "yoxdur" düşüncəsi ilə böyüyür, o biri isə əldə etdiyi üçün hər şeyi əldə etmək üçün vuruşan bir uşaq olur. Amma valideynlər bunu daha üstün bilməlidir ki, mənim uşağım sıxılır, utanır, istəmir, bu daha pisdir. Nəyinki ağlayıb istəyən uşaq, bu gələcəkdə daha böyük fəsadlar törədə bilər".

 

Müsahib eyni zamanda deyir ki, istəyib ağlayan uşağı da təbii ki, idarə etmək lazımdır, o hər dəfə eyni səhnələri marketlərdə və digər yerlərdə göstərə bilməz. 

 

"Bu səbəbdən dolayı valideyn uşağını məhz orda yox, evində tənbeh etməlidir. Belə bir söz var ki, uşağı hər kəsin yanında təriflə, amma kənarda tənbeh et".

 

Psixoloq əlavə edir ki, uşaqları yaşlarına görə bölək, baxaq görək hansılar doğru, hansılar yanlış edir, yaxud da hansı yaşda normaldır, yaxud normal deyil. 

 

"3 yaşa qədər uşağın bu hərəkətləri etməsi normal sayılır, hətta buna 3 yaş krizi deyirik. Amma 3 yaşdan sonra uşaq danışır, fikirlərini sərbəst şəkildə ifadə edir və həmin yaşda o anlamalıdır ki, bunu etməməlidir. Məsələn 10 dənə nəsə yığır ki, bunları mənə almalısan. Valideyn ona hamısını alırsa, səhv edir. Ondan ən vacib olanı seçməsini istəməlidir ki, sənə ən çox istədiyin, lazımlı hansıdırsa, onu alaq".

 

Gülnar Orucova onu da qeyd edir ki, valideyn mənim pulum yoxdur, bunu almıram, sözünü istifadə etməməlidir.

 

"Uşaq yoxluq hissləri ilə böyüməməlidir. Biz bunu alsaq, işığın pulunu ödəyə bilməyəcəyik, yəni pulum var, amma bunu işıq üçün sərf edəcəm deməlidir. Söyləməlidir ki, sən bunu istəyirsən ata da başqa şey istəyir, hərəmizə başqa şey almalıyıq. Ona görə də pulu idarə etməyi öyrətməlidir".

 

Müsahibin sözlərinə görə, biz bəzən övladlarımıza pul veririk, ancaq pulu xərcləməyi öyrətmirik

 

"Tanıdığım ailələr var ki, uşağa pul verirlər, 1 günə həmin pulu xərcləyir və bitirir. Belə olmalı deyil. Siz ona 10 manat versəniz də, onu 5 gün ərzində istifadə etməyi öyrənməlidir".

 

Psixoloq həmçinin əlavə edir ki, övladımız anlaqlıdırsa, yəni 5 yaşı varsa, bunu etməsi artıq düzgün deyil.

 

"Bu yaşda hər bir uşaq danışır, özünü ifadə edir, sözləri anlayır və bunlara da əməl etməlidir. 5 yaşından sonra uşaq nəyin doğru, nəyin yanlış olduğuna artıq özü qərar verə bilir".

 

Gülnar Orucova vurğulayır ki, biz şüuraltı olaraq uşaqlara bəzi qidaların onlara verdiyi zərərləri öyrətməliyik.

 

"Əgər biz istəmiriksə ki, övladımız bu zərərli qidaları yesin, özümüz bunu yeməməliyik. Özümüz yediyimiz qidanı, etdiyimiz hərəkətləri uşaqlara qadağa qoya bilmərik".

 

Psixoloq son olaraq bildirir ki, övladımıza ala biləcəyimiz nəyəsə seçim haqqı verməliyik. Həmin gün ağlasa da, almıram deməliyik. Həmçinin pulum olmadığı üçün almıram, deməməliyik və almamağımızın səbəbini ona aydınlaşdırmalıyıq.

 

Aynur Babayeva