Uşaqlarda öyrənmə çətinliyi yaranarsa, nə etmək lazımdır? -Psixoloqdan AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 18:47 27.12.2023
Bəzən şagirdlərdə dərsə, öyrənməyə qarşı maraq, həvəs azalır.
Onlar öz öyrənmə bacarıqlarından, potensiallarından düzgün istifadə edə bilmirlər.
Bəs, bu zaman müəllimlər və valideynlər nə etməlidirlər?
Uşaqlar öz öyrənmə potensiallarından necə istifadə edə bilərlər?
Bu barədə Psixoloq Aygün Məhərrəmova informator.az-açıqlamasında suallarımızı cavablandırıb.
Psixoloqun sözlərinə görə, ilk olaraq uşaqda öyrənmək çətinliyinin səbəblərini müəyyən etmək lazımdır.
‘’Uşaqlarda öyrənmək çətinliyinin bir çox səbəbi ola bilər. İlkin olaraq öyrənmək çətinliyinin səbəbini müəyyən etmək lazımdır. Səmərəli dərs çalışması və uğurlu nailiyyətlərin əldə olunması üçün uşaqlara düzgün motivasiya verilməli, konsentrasiya artırılmalı, onlarda pozitiv fikir formalaşdırılmalıdır. Həmçinin uşaqlara səmərəli vaxt istifadəsi, düzgün planlaşdırma öyrədilməlidir. Xüsusilə, 9-11 ci sinif imtahanına hazırlaşan şagirdlər üçün bu olduqca əhəmiyyətlidir. Belə olduqda uşaqlar uğurlu nəticələrə imza ata bilər’’.
Psixoloq şagirdlərin dərsə diqqətinin artması üçün fərqli metodların istifadəsinin əhəmiyyətini vurğulayıb.
‘’Ənənəvi dərs metodu ilə yanaşı, şagirdlərin təfəkkürlərini inkişaf etdirə biləcəkləri metodların istifadəsi tövsiyyə olunur. Rəngarəng dərslərlərin təşkil olunması, düşündürücü tapşırıqların verilməsi,qrup işlərinin təşkil olunması və.s ilə uşaqların diqqətini dərslərə cəlb etmək olar. Uşaqların maraq dairəsi, İQ səviyyəsi öyrənilməli, ona uyğun olaraq müxtəlif peşə seçimlərinə düzgün istiqamətləndirilməlidir’’.
Aygün Məhərrəmova sonda şiddətin uşaqlara necə mənfi təsirlər göstərə biləcəyini vurğulayıb.
‘’Fiziki cəzalandırma uşaqların dərs motivasiyasını aşağı salaraq onlarda antisosial davranışların yaranmasına səbəb ola bilər. Bu cəzalandırmalar valideynlə övlad arasındakı münasibətlərin pozulmasına, son dövrlərdə yayılan intihara belə gətirib çıxarda bilər’’.
Ayaz Zeynalzadə