İxtisas seçimi zamanı istəyinizi önə çəkin-Rizvan Fikrətoğlu

Bölmə: Sosial › ,
Tarix: 19:21 27.12.2023

"İxtisas seçimi kənardan adi görünsə də, mahiyyət etibarilə olduqca çox diqqət tələb edən prosesdir. Abituriyent elə ixtisas seçməlidir ki, gələcəkdə o istiqamət üzrə özünü, karyerasını düzgün qura bilsin. Universitet oxumaq xatirinə “hansısa ixtisasa qəbul olum” prinsipini kənara qoyun". Bu sözləri informator.az-a açıqlamasında elm və təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib.

 

Ekspert qeyd edir ki, ixtisas seçərkən balınıza uyğun universiteti seçməyin, “dostum orada oxuyur” prinsipi ilə yanaşmayın.

 

"Siz öz istədiyiniz ixtisası seçin. Daha populyar universitet seçimini bir kənara qoyun. Məsələn, sizin istədiyiniz ixtisas AzTU-dadırsa, amma sizin bəyəndiyiniz universitet BAU-dursa, burada istədiyiniz ixtisas olan universiteti seçin, balınıza uyğun BAU-nun hər hansı bir ixtisasını kodlaşdırmayın".

 

Rizvan Fikrətoğlu deyir ki, çox yaxşı olar ki, topladığınız nəticəyə uyğun oxumaq istədiyiniz ixtisas arzusunda olduğunuz universitetdə olsun. 

 

"Bu olmadığı təqdirdə ixtisasa diqqət ayırın. İxtisas seçimi zamanı istəyinizi önə çəkin, yəni sən kim olmaq istəyirsən"?

 

Ekspert eyni zamanda qeyd edir ki, fikir verin, sizin istədiyiniz ixtisas üzrə hansı universitet tələbə qəbul edir, əvvəlki illərlə müqayisədə boş plan yeri və keçid balları necə formalaşıb.

 

"Növbəti mərhələlər üçün ödənişin məbləğinə, ərazi faktorlarına da baxış keçirin. Əgər Sizə 15 yer yazmağa ixtiyar verilirsə, bu yerin 5-ni balınızdan yüksək fantastik yerləri kodlaşdıra bilərsiniz. Amma burada bir reallığı nəzərə alın ki, həmin 5 yerdə keçid balının enmə ehtimalı 10 faiz də olsa varmı? Növbəti 5 yerə balınıza yaxın yerləri yazın. Məsələn, sizin balınız 340-dırsa, yuxarıda dediyimiz plan yerlərini, statistik göstəriciləri nəzərə alıb 320-360 bal arası yerləri yaza bilərsiniz. Son beş yerə isə minimum bal tələb edən yerləri yaza bilərsiniz".

 

Müsahib əlavə edir ki, cavablar emal olunarkən, kodlaşdırdığınız ixtisas ardıcıllığı önəm daşıyır. 

 

"Bu səbəbdən ixtisasın dövlət sifarişli və ödənişli olmasına diqəət ayırın. 1-ci yerə balınız çatmasa, növbəti 2-ci, 3-cü və bu şəkildə ardıcıl yerlərə diqqət yetirilir. Buna görə də ardıcıllığı ən çox oxumaq istədiyiniz ixtisaslara uyğun yazın".

 

Rizvan Fikrətoğlu 15 yeri 3 mərhələyə bölməyinin məntiqini belə açıqlayır ki, əgər ballar enərsə, arzusunda olduğunuz yüksək ballı yerlərə qəbul olunasınız.

 

"Ballar stabil qalarsa, balınıza yaxın yerlərə qəbul şansınız olsun. Əgər ballar gözlənilməz həddə qalxarsa, tələbə adını qazana biləsiniz. Amma 15 yerin heç birinə oxumayacağınız, sevmədiyiniz ixtisasları yazmayın. Çünki 15 yerin hər biri bir şansdır. Başqa ixtisası yazıb qəbul olmaq şansınızı itirmiş olursunuz. Qəbul olduğunuz ixtisası oxumayacağınız təqdirdə isə kimlərinsə tələbə olmaq arzusunu reallaşmağa qoymursunuz".

 

 

Ekspert onu da əlavə edir ki, bu mərhələlərdə də müəyyən incəliklər var.

 

"Məsələn, hansısa ixtisasın balı 600 ola bilər. Amma plan yerinin artırılması və nəticələrin yüksək olmaması və ya həmin ixtisaslar üzrə fərqli qaydaların tətbiqi növbəti ildə o ixtisas üzrə keçid balını 200 edə bilər".

 

Rizvan Fikrətoğlu vurğulayır ki, abituriyentlər daha çox keçid balında ilişib qalırlar. Nəzərə almaq lazımdır ki, keçid balını abituriyentlər formalaşır və bu hər il fərqli rəqəmlər olur. 

 

"Məsələn, hansısa ixtisas üzrə 50 plan yeri ayrılıbsa və buranı 100 abituriyent kodlaşdırıbsa, ən yüksək bal toplayan 50 nəfər həmin ixtisas üzrə qəbul edilir. Sonuncunun – 50-ci abituriyentin balı müvafiq ixtisas üzrə keçid balı hesab olunur". 

 

 

Müsahib sonda qeyd edir ki, gələcəyin ixtisaslarına gəlincə, buraya tibb, kompüter elmləri və daha çox dəqiq elmlərə əsaslanan ixtisasları daxil etmək olar.

 

Aydan İsayeva