Bu universitetin filialının Azərbaycanda fəaliyyəti tibb təhsilinə müsbət qatqıdır-Elçin Süleymanov
Bölmə: Sosial › ,Tarix: 13:00 28.12.2023
İvan Mixayloviç Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı üçün yeni tədris binasının tikintisi nəzərdə tutulur. Bu barədə informator.az-a açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirib ki, tibb təhsili kifayət qədər ciddi təhsildir və ona görə orda maddi-texniki baza və müəyyən xəstəxana tədqiqat laboratoriyaları şərtdir.
Ekspert qeyd etdi ki, İvan Mixayloviç Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Seçenov filialının təbii ki, Azərbaycanda fəaliyyəti tibb təhsilinə müsbət qatqıdır.
"Bildiyiniz kimi Azərbaycanda tibb təhsili əsasən Azərbaycan Dövlət Tibb Universiteti, eyni zamanda Naxçıvanda aparılır. Həkim kadrlarına ciddi ehtiyac var. Yəni ölkəmizdə və bütün dünyada dolayısıyla ciddi tibb təhsili dəstəklənməlidir".
Elçin Süleymanov eyni zamanda qeyd etdi ki, bir vaxtlar tibb təhsili verən özəl universitetlər də var idi.
"Amma maddi-texniki baza zəif olduğuna görə onların fəaliyyəti dayandırıldı. Düşünürəm ki, bu yaxşı bir qərar idi. Çünki qeyd etdiyim kimi insanların sağlamlığını əmanət edəcəyimiz həkimlərin seçilməsi, yetişdirilməsi, tədrisi çox əhəmiyyət kəsb edir".
Ekspert əlavə etdi ki, xüsusilə Azərbaycanda tibb təhsili inkişaf edir.
"Rezidentura sistemində təhsil alan, daha sonra bizim xaricdə kifayət qədər yaxşı təhsil alıb gələn həkimlərimiz var. Eyni zamanda Azərbaycanda həkimlər də müvafiq imtahanlarda sertifikat qazanıb Avropada, Almaniyada və dünyanın müxtəlif ölkələrində işləyirlər".
Müsahib həmçinin bildirdi ki, İvan Mixayloviç Seçenov adına I Moskva Dövlət Tibb Universiteti də dünyada tanınan məşhur tibb sahəsində universitetlərdən biridir.
"Təbii ki, onun professor müəllim heyətinin, maddi texniki bazasının tibb təhsilinin keyfiyyətinə müsbət qatqısı ola bilər. Fəqət hazırkı binası çox yetərli deyil, çünki kiçik bir ərazidə müvəqqəti olaraq orada fəaliyyət göstərirdi. Amma bunun üçün yeni və daha geniş bir binanın olması faydalıdır. Bununla əlaqəli də bu il qərar verilib. Yəqinki önümüzdəki ilin sonuna qədər bu bina hazır olar".
Elçin Süleymanov son olaraq vurğuladı ki, Azərbaycanda universitetlərin maddi-texniki bazası yaxşılaşır, dövlət bu istiqamətdə hər il ayırdığı vəsait həcmini artırır.
"Bir neçə universitetlərimizdə əsaslı təmir, eyni zamanda yeni korpuslar da tikilir. Bu siyasətin davamı olaraq da belə bir addım düşünürəm ki, müsbət addımdır yəni orda təhsil alanların təhsilinin keyfiyyətinə müsbət təsir göstərər".
Aynur Babayeva