Gizlənən nişanlar
Bölmə: Sosial › ,Tarix: 14:29 28.12.2023
Sürücü yol hərəkəti qaydasını pozduğuna görə cərimələnir, cərimələndikdən sonra görür ki, ağacın, yaxud hansısa tikilinin arxasında yol nişanı var və cərimələnməsi də həmin nişanın tələbini pozduğuna görədi. Belə halların yaşandığı yerlər az deyil.
Paytaxtın bəzi küçələrində işıqforlar, yol nişanları ağacların budaqları arasında itib-batır. Belə hallar daha çox yaz, yay aylarında, ağacların yaşıl vaxtında çətinlik yaradır. Amma qış mövsümündə də sürücülər üçün problem törədən, qəza təhlükəsi yaradan maneələr var.
Qanunlara əsasən yol hərəkəti nişanları və işıqforlar sürücülərin 100-150 metr əvvəldən aydın görə biləcəkləri yerlərdə quraşdırılmalıdır. Mütəxəsislər deyir ki, əgər nişanın qarşısında hansısa maneə varsa və sürücü onu görmədiyi üçün cərimələnirsə buna səbəb birbaşa aidiyyatı qurumların məsuliyyətsizliyidir.
Nəqliyyat eksperti Elməddin Cəfərli bildirib ki, onlar ərazilərini vaxtı vaxtında müayinə etməlidilər, necə ki ərazilərin hamısında xidmət təşkil olunur və qüsurlar da vaxtında aradan qaldırılmalıdır ki, sürücülər çaş-baş qalmasın.
"Çaş-baş qalırsa, bu həmin qurumun məsuliyyəti ucbatındandır. Sürücü əgər cəriməni ödəyirsə, aidiyəti üzrə həmin quruma məhkəmə iddiası qaldırmalıdır, tələb eləməlidir. Belə olan halda o qurumlar öz məsuliyyətlərini dərk edəəcəklər".
Yol kənarında əkilən ağacların bir çoxu daimi yaşıl ağaclardır. Belə ağaclar budansa da, bir müddət sonra yenidən şaxələnir.
Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov qeyd edib ki, mütəmadi olaraq monitorinqlər keçirilir.
"İşıqforlara, yol nişanlarına mane olan budaqlar əmələ gəlirsə, onlar götürülür. Çünki bu aylarda adətən qış, payız aylarında biz şəhər ərazisində, əsasən mərkəzi küçələrdə budama, təmizləmə, sanitar təmizləmə işləri aparırıq həmin iş əsnasında da həmin işıqforların, siqnalların qarşısında bir maneə varsa aradan qaldırırıq".
Qurum rəsmisi bu işlərin davamlı şəkildə həyata keçirildiyini və qış mövsümü boyunca da davam etdiriləcəyini qeyd etdi.
Sərxan