Maşındakı azyaşlılar
Bölmə: Sosial › ,Tarix: 16:36 28.12.2023
Yol qəzaları nəticəsində dünyasını dəyişən azyaşlıların statistikası sözün əsl mənasında tük ürpədir. Ötən gün həmin azyaşlılar arasında piyada qismində olanlardan danışdıq. İndi də sərnişin qismində olanlardan danışacağıq. Azyaşlılar üçün xüsusi oturacaqlar satılır. Uşaqların təhlükəsizliyi üçün onlardan istifadə edilməlidir.
Ekspertlər bildirib ki, uşaqla avtomobilə əyləşərkən məsələyə son dərəcə həssas yanaşmaq lazımdır, eyni zamanda uşaqlarla bu istiqamətdə maarifləndirici söhbətlər aparmaq tövsiyə edilir.
Ekspert Ərşad Hüseynov qeyd edib ki, xüsusi həssas yanaşmanı da böyüklər -valideynlər, daha sonra məktəbdə təhsil aldığı təhsil müəsissəsinin müəllimləri, tərbiyəçilər etməlidir.
"12 yaşına qədər olan uşaq minik avtomobilinin qabaq sərnişin oturacağında yalnız xüsusi uşaq saxlayan qurğu olduqda daşına bilər. Uşaqların böyüklə biryerdə orda daşınmasına qətiyyən yolverilə bilməz və yaxud da xüsusi uşaqsaxlayan qurğu yoxdursa, qabaq sərnişin kreslosunda daşınmasına icazə verilə bilməz".
Ekspert əlavə edib ki, bəzən uşaqların avtomobilin pəncərəsindən, boylanması hallarına da rast gəlirik. Belə olan halda isə hər hansı qəza baş verərsə faciə qaçılmazdır.
"Bəzən görürük ki, uşaqlar avtomobilin salonunda ayaq üstə dayanırlar qabaq sürücü və sərnişin kreslosunun arasında dayanırlar. Bax belə bir yerdə sərt tormoz olarsa həmin uşaq bir başa gedir dəyir alın şüşəsinə ağır travma alır və zərbə biraz güclü olanda hətta alın şüşəsindən düşür bayırda asfaltın üstünə yenə də travma alır, hətta ola bilsin avtomobilin özünün altında qalır".
Qeyd edək ki, son 11 ay ərzində yol qəzalarında yaşı 7 yaşa qədər 21 uşaq dünyasını dəyişib, 40 azyaşlı isə xəsarət alıb.
Gülnar