Marker müəllim sistemi istiqamətində təkmilləşdirmə işləri aparılıb-Rizvan Fikrətoğlu
Bölmə: Sosial › ,Tarix: 20:20 28.12.2023
"Beynəlxalq miqyasda və eləcə də müxtəlif ölkələrin təcrübəsində şagird nailiyyətlərinin yazı işləri vasitəsilə qiymətləndirilməsindən geniş istifadə olunur. Bu təcrübə son dövrlər Azərbaycanda da geniş yayılıb. Bu yazı işlərini yoxlayıb qiymətləndirən şəxsə marker müəllim deyirlər. Marker müəllim yazı işlərini qiymətləndirərkən, şagirdin savad səviyyəsini, yazı qabiliyyətini, fikrini izah etmək bacarığını, elmi və üslubi baxımından digər məsələləri nəzərə alaraq qiymətləndirir. Bu, tamamilə yeni yanaşma, yeni texnologiyaların tətbiqidir".- Bu sözləri informator.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib.
Ekspert qeyd edib ki, Azərbaycanda marker müəllimləri əsasən Dövlət İmtahan Mərkəzi (DİM) bir araya toplayır. DİM 2013-cü ildən başlayaraq yazı işlərinin yoxlanılması prosesinin həyata keçirilməsi məqsədilə marker müəllimlərinin köməyindən yararlanmağa başlayıb.
"DİM-də əsasən Azərbaycan dili, riyaziyyat, ingilis dili, informatika, kimya, fizika, biologiya, coğrafiya, tarix və rus dili fənnlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılması prosesində marker müəllim kimi işləmək istəyənlər üçün ödənişli hazırlıq kursları təşkil olunur".
Rizvan Fikrətoğlu eyni zamanda bildirib ki, DİM-in marker müəllim olmaq istəyənlər üçün təşkil edilən hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilirlər.
"Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında marker kimi mərkəzlə əməkdaşlığa cəlb olunurlar. Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir".
Ekspert əlavə edib ki, marker müəllim olmaq üçün müraciət edənlərin sayı çox olsa da, kompetensiyaları yüksək olan müəllimlərin seçimi zamanı bu say xeyli azalır.
"Məsələn, 5000 şəxs marker müəllim olmaq üçün müraciət edirsə, nəticədə təxminən 500 müəllim seçilir. Bu, ümumi müraciətçilərin seçim zamanı hardasa, 10 dəfə az olan qismidir. Bütün bunlar işi bacara bilmək potensialı olan kadrların önə çəkilməsi baxımından müsbət qiymətləndirilməlidir".
Rizvan Fikrətoğlu sonda vurğulayıb ki, ötən 10 il ərzində marker müəllim sistemi istiqamətində təkmilləşdirmə işləri aparılıb.
"Ən son 2023-cü ildə DİM-in 5,7 milyondan çox yazı işinin qiymətləndirməsi marker müəllimlərin sayəsində həyata keçirilib. Markerlər yoxlama prosesinə müqavilə əsasında cəlb olunurlar və onlara düzgün qiymətləndirilən iş sayına uyğun olaraq əmək haqqı ödənilir".
Banuçiçək Kalbalıyeva