Konstitusiya məhkəməsi bu məsələyə konkret olaraq nöqtə qoydu-Hüquqşünas AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 12:38 29.12.2023

Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən maddələri ləğv olunub. 

 

Bu barədə informator.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, bu qərar çoxdan olmalı idi. Vərəsəlik hüququ ilə bağlı Mülki Məcəllədən çıxarılan 2 maddənin mühüm əhəmiyyəti var idi. 

 

"Tutaq ki, şəxs ölüb, bunun vərəsələri var, vərəsələrin dairəsi müəyyən olub və o 6 ay ərzində vərəsəlik açılmalı idi və bir sıra məsələlər həllini tapmalı idi. İndiki məqamda isə əgər şəxs gəlib miras payından imtina verməyibsə, artıq o vərəsəliyi qəbul etmiş sayılır. Amma əvvəl bir müddət var idi, bu müddət ərzində qəbul etməyəndə, artıq imtinaya bərabər idi. Bu da çox gülünc bir hal yaratmışdı".

 

Hüquqşünas qeyd edir ki, burada sırf Vərəsəlik institutu ilə bağlı əslində inqilabi bir proses oldu. Konstitusiya məhkəməsi bu məsələyə konkret olaraq nöqtə qoydu.

 

"Yəni illərlə müzakirəsi gedən bir məsələyə konkret olaraq nöqtə qoydu. Orada 2 maddə çıxarıldı, həmin maddələr müddətlərlə bağlı olan bir maddədir. Burada vərəsəlik hüququnun ləğv olması ilə bağlı söhbət gedə bilməz. Vərəsəlik hüququ Mülki məcəllənin ən böyük institutlarından biridir. Hüquq yaranandan vərəsəlik institutu yaradılıb və hüququn kökləri vərəsəliyə dayanır".

 

Mehman Muradlı əlavə edir ki, Konstitusiyada vərəsəliklə bağlı çıxarılan maddələr illərlə vətəndaşların süründürülməsindən canını qurtardı.

 

"Müddət keçibsə, yenidən müddəti bərpa etdirməli idin, səbəblərini məhkəmə qaydasında sübut etməli idin. Ondan sonra qərar çıxırdı ki, səni vərəsə kimi tanıyırlar ya yox. Amma indiki halda tamamilə başqa məqamdır. Əgər mənim vərəsəlik payım varsa, bilsəm yaxud bilməsəm də, sonradan məlum olsa da, istədiyim zamanı gedib götürə bilərəm".

 

Hüquqşünas son olaraq qeyd edir ki, bu qərar vərəsəlik institutuna yenilik gətirdi. İnsanlar illərdir bu problemdən əziyyət çəkirdi.

 

Aynur Babayeva