Tibb müəssisələrində növbə sıxlığının qarşısının alınması üçün addımlar atılıb-AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 16:26 29.12.2023
"Bildiyimiz kimi, artıq İcbari Tibbi Sığortanın bütün ölkə üzrə tətbiqinin 3-cü ilinə yaxınlaşırıq. Əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) davamlı tədbirlər görür. Ötən illə nisbətdə xidmət sayında bu ilin 10 ayı ərzində 30% artım müşahidə olunub. Bu ilin yanvar-oktyabr aylarında 4,5 milyon şəxs icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alıb. Bu o deməkdir ki, ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanıb. İlin sonuna pasiyent sayının daha da artacağı gözlənilir". - Bu sözləri informator.az-a açıqlaması zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirib.
Qeyd edilib ki, Agentlik Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində vətəndaşların tibbi xidmətlərə əlçatanlığının yüksəldilməsi zamanı mütəmadi olaraq monitorinqlər aparıb.
"Monitorinqlər zamanı vətəndaşların ambulator tibbi xidmətlər üçün yaşadıqları ərazidən uzaq məsafədə yerləşən rayon mərkəzi xəstəxənalarına müraciət etmələri müşahidə olunub. Bu kimi hallar öz növbəsində mərkəzi xəstəxanaların yüklənməsinə və növbələrin yaranmasına səbəb olur".
Agentlik həmçinin qeyd edib ki, hazırda vətəndaşlara tibbi xidmət gözləmə müddəti ərzində həyata keçirilir:
"İxtisaslı ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq;
İnstrumental diaqnostik və laborator müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq;
Koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi istisna olmaqla, planlı stasionar tibbi yardım üçün sığortaolunana göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq.
Təcili və təxirəsalınmaz hallarda isə, sığortaolunana tibbi yardım tibbi göstərişə əsasən dərhal göstərilir. Habelə, şəhid ailə üzvləri və müharibə iştirakçıları növbədənkənar qəbul olunur".
Məsələ ilə bağlı atılan mühüm addımlarla bağlı əlavə olunub ki, hazırda cari ilin dekabr ayının 11-dən etibarən dövlət tibb müəssisələrində növbə sıxlığının qarşısının alınması üçün “e-Tabib” mobil tətbiqi vasitəsilə randevu sistemi ilkin olaraq test rejimində Yeni Klinikada bəzi həkim ixtisasları üzrə işə başladılıb.
"Gələn ildən daxili infrastrukturu onlayn platformaya cavab verən digər dövlət tibb müəssisələrində də randevu sisteminin mərhələli şəkildə işə başladılması həyata keçiriləcək".
Son olaraq işçilərin sayının Tibb müəssisələrində kadr siyasətinin TƏBİB-in həyata keçirdiyi vurğulanıb.
Aytac Kərimova