Müəllimlər başqa vəzifə ilə məşğul olduqda o işin keyfiyyəti aşağı düşəcək-Elçin Murad
Bölmə: Sosial › ,Tarix: 18:51 29.12.2023
Təhsil naziri Emin Əmrullayev "AzTv"yə müsahibəsi zamanı vurğulayıb ki, 2026-cı ilə qədər respublikada 137 minə yaxın müəllimin sertifikasiyadan keçməsi planlaşdırılır. Nazir yuxarı bal toplayan müəllimlər arasından məktəb direktorlarının da seçiləcəyini bildirib.
Nazir qeyd edib ki, ikinci istiqamət müəllimlərə dəstək vasitəsilə metodik xidmətin qurulmasıdır. Yuxarı bal toplayan müəllimlərimizin növbəti mərhələdə baş müəllim, mentor, metodist, ekspert və ya başqa adlarla karyeralarının inkişaf etdirilməsi əsas hədəflərdəndir.
Təhsil eksperti Elçin Murad informator.az-a verdiyi açıqlamasında bildirib ki, sertifikasiya imtahanlarının keçirilməsi, təhsildə yüksək bal toplayan müəllimlərin artması, gələcək təhsil sistemi üçün avantajlı olacaq.
"Məktəb direktorlarınında yüksək bal toplayan müəllimlər arasından seçilməsi məsələsinə gəldikdə isə mən direktorlarının pedaqoji və psixoloji fəaliyyəti olanların arasından seçilməsinin tərəfdarıyam.
Uşaqlarla işləməyi bacaran şəxslər direktor seçilməlidir.’’
Müsahibin fikrinə görə, məktəb sistemini şagird təmsil edir. Şagirdə isə ən lazımlı olan pedaqoji və psixologiyadır, ona görə də direktorların pedaqoji və psixoloji fəaliyyəti olan müəllimlərdən seçilməsi daha qanunauyğundur.
Elçin Murad müəllimlərə əlavə vəzifələrin verilməsinin tərəfdarı deyil. Ekspert düşünür ki, əlavə vəzifə verilən zaman ikili sistem yaşanır.
"Müəllimlər başqa vəzifə ilə məşğul olduqda o işin keyfiyyəti aşağı düşəcək.
Müəllim sadəcə şagirdin təhsil sistemi ilə maraqlanmalı, ona necə yardım edəcəyini düşünməlidir. Əlavə öhdəliklər verilməsi müəllimidə yorduğu üçün, təhsil sistemi ləngiyəcək.
Müəllimlərə əlavə vəzifələrin verilməsindənsə, əlavə işçilərin ora yönləndirilməsi daha uyğundur. Bunun üçün ölkəmizdə kifayət qədər vakansiya sayı var".
Elçin Murad sonda qeyd edir ki, düzgün vakansiya seçimi olarsa, həm müəllimlikdən kənar şəxslərin işsizliyini aradan qaldırmaq olar, həm də müəllimlərə əlavə məsuliyyətlər verilməz.
"Müəllimlərə əlavə vəzifələrin verilməsi əlavə maaşın verilməsi ilə əlaqələndirilirsə, bu da düzgün deyil. Müəllimlərə kifayət qədər maaşın verilməsi, onları sadəcə təhsilə cəlb etmək işləri daha effektiv olar".
Sevinc Yarməmmədova