Şagirdlərin hədsiz yüklənməsi məsələnin həllinə kömək etmir-Rizvan Fikrətoğlu

Bölmə: Sosial › ,
Tarix: 22:30 29.12.2023

"Tədris müddətinin artırılması müzakirə olunmalıdır".- Bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan "Əsas Məsələ" verilişinə müsahibəsində söyləyib.

 

Bununla bağlı informator.az-a açıqlamasında elm və təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, tədris müddətinin artırılması məsələsi əsas müzakirə mövzusu olmamalıdır. 

 

"Müzakirə olunması vacib olan əsas məsələlər tədrisin və dərsliklərin keyfiyyətinin artırılması olmalıdır. Bu iki məsələ öz həllini tapmayana qədər biz keyfiyyətli təhsildən konkret danışa bilmərik. Təəssüf ki, əsas olan keyfiyyəti kənarda saxlayıb, kəmiyyətin üzərində danışırıq".

 

Ekspert bildirir ki, tədris müddətinin artırılması bir halda mümkün ola bilər. 

 

"Məsələn, orta ümumtəhsil müəssisələri nəzdində məktəbəqədər hazırlıq qruplarına qəbul 5 yaşından deyil, 4 yaşdan etiibarən həyata keçirilə bilər. Yəni, 12 illik təhsilə keçmək 11-ci sinifdən sonra 12-ci sinifdə oxumaq şəklində olmamalıdır. Bu istiqamətdə real addımlar atıla bilər və hətta deyərdim ki, gecikirik".

 

Rizvan Fikrətoğlu qeyd edir ki, əsas problemlərdən biri dərsliklərin şagirdlərin yaş kateqoriyasına uyğun gəlməməsi, habelə həddən ziyadə mövzuların çox olmasıdır.

 

"Bəzi dərsliklərdə müəyyən fəsillərdə nəzəri məlumat tapmaq olmur, informativ deyil, heç bir bilgi vermir, anlaşılmır. Bu gün ali məktəblərə qəbul demək olar ki, hazırlıq kursları və repetitorların sayəsində həyata keçirilir".

 

Ekspert deyir ki, bəs vəziyyət belədirsə, bu qədər islahatlar, qurumlar nəyə lazımdır?!

 

"Deməli, konsepsiyada problem var. Şagirdlərin hədsiz yüklənməsi məsələnin həllinə kömək etmir".

 

Rizvan Fikrətoğlu sonda qeyd edir ki, hər bir halda keyfiyyətin üzərində dayanmalıyıq, kəmiyyətin deyil.

 

Gülay Qəribova