Aeroportda Yenilik

Bölmə: Sosial › ,
Tarix: 13:24 02.01.2024

Yeni illə əlaqədar uçuş edənlərin sayının artacağı bəlli məsələdir. Elə bu ərəfədə baş verəcək sıxlığın qarşısını almaq üçün Hava limanında yenilik edilib. Yenilik uçuş öncəsi rəsmiləşdirmə prosesini sadələşdirəcək, növbələri azaldacaq bir sistemdir. 

 

Artıq gözləməyə ehtiyac qalmayacaq. Yeni tətbiq edilən Səyahət Sənədlərinin Avtorizasiya Sistemi vasitəsilə sərnişinlər minik talonlarını özləri skan etməklə uçuş öncəsi təhlükəsizlik baxışına daxil ola biləcəklər.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat katibi Nərmin Xəlilova bildirib ki, daha öncə bir şəxs sərnişinlərin minik talonlarını skan edərək yoxlayırdısa, bu da müəyyən sıxlığa gətirib çıxardırdı.

 

"Hazırda isə bu artıq səyahət sənədlərin avtorizasiyasını sistemi, yəni TDAS sistemi yoxlayır. Bu da öz növbəsində əlbəttə ki, sərnişinlərin rahatlığını təmin edir və səmərəlliliyi təmin edərək uçuş öncəsi rəsmiləşdirmə prosesini daha rahatlaşdırır və hava limanının ötürmə qabiliyyətini artırmağa kömək olur".

 

Həmçinin yeni tətbiq olunan sistem ekoloji davamlılığı yaxşılaşdırmağa dəstək olaraq sərnişinlərə kağız minik talonlarından istifadə etmək zərurətindən azad edəcək.