Bərpa, quruculuq və qayıdış prosesinin coğrafiyasına baxsaq, görərik ki...-Deputatdan AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 17:57 02.01.2024

""Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" müəyyən edilərkən işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış bizim beş milli hədəfimizdən biri kimi müəyyən edilib. Cənab Prezidentin 2021-ci il 2 fevral tarixli sərəncamında da ifadə olunduğu kimi, "qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır". "Böyük Qayıdış"ın uğurla reallaşdırılması üçün isə dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya təmin olunmalıdır". - Bu sözləri informator.az-a açıqlamasında Milli Məclisin üzvü Bəhruz Məhərrəmov bildirib.

 

Deputat qeyd edir ki, daha sadə desək, qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, Qarabağ və Şərqi Zəngəzur ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. 

 

"Digər tərəfdən, unutmamalıyıq ki, biz təsadüfi seçdiyimiz əlverişli bir zonada yaşayış məskənləri salmırıq. Söhbət vandallar tərəfindən dövlət siyasəti çərçivəsində qəsdən yerlə-yeksan edilən və üstəlik dünyanın mina ilə ən çox çirklənən ərazisində quruculuq və bərpadan gedir. Bu proses çevik və səmərəli, amma eyni zamanda çox ehtiyatlı yanaşma tələb edir. Ötən üç illik period göstərir ki, Azərbaycan bu vəzifənin öhdəsindən gözlənildiyindən çox daha yaxşı gəlməkdədir".

 

Bəhruz Məhərrəmov əlavə edir ki, yalnız elə 2023-cü ilə nəzər salsaq, ilin ən mühüm nailiyyətlərindən biri heç şübhəsiz, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən böyük quruculuq prosesidir.

 

"Mart ayında Talış kəndinə, mayda Laçına, avqustda Füzuli şəhəri və Zabux kəndinə ilk, o cümlədən il ərzində Ağalı kəndinə növbəti köçlər baş tutdu. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində isə ifadə etdi ki, 2024-cü ildə Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda il ərzində Azərbaycan üçün prinsipial məsələ olan Xocalı və Xankəndiyə böyük qayıdış başlanacaq".

 

Deputatın sözlərinə görə, bərpa, quruculuq və qayıdış prosesinin coğrafiyasına baxsaq, aydın şəkildə görərik ki, təsadüfi seçimlərdən, yaxud kortəbii sıralamadan söhbət getmir.

 

"Düzdür, Azərbaycan kifayət qədər güc və imkanlara sahibdir ki, Qarabağ və Zəngəzurun istənilən nöqtəsində, istənilən infrastrukturu qurub qayıdışı təmin etsin. Lakin Cənab İlham Əliyev prosesi çox haqlı olaraq bütün amillərin uzlaşdırılması şəraitində həyata keçirir. Yəni nəqliyyat, kommunikasiya və kommunal infrastrukturun ardıcıllığı təmin olunur. Bu həm xərclərin effektivliyi, həm qayıdışın təhlükəsizliyinin səmərəli formada təmininə imkan yaradır".

 

Bəhruz Məhərrəmov sonda vurğulayır ki, unutmamalıyıq ki, məhz "Böyük Qayıdış" vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. 

 

"Bu mənada, işğaldan azad olunmuş ərazilərdəki fəaliyyətdə planlı və vahid konsepsiyaya əsaslanan hazırkı yanaşmanın alternativi yoxdur".

 

Gülnisə Əfkari