Xarici dilli məktəblərdə Azərbaycan dilində fənnlərin keçirilməsi vacibdir -Ekspert açıqladı
Bölmə: Sosial › ,Tarix: 20:30 02.01.2024
Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində “Azərbaycan dili” fənninin dərs saatları artırılıb. Azərbaycan tarixi fənni ilə yanaşı “Qarabağ tarixi” və “Zəfər tarixi” fənlərinin də Azərbaycan dilində tədrisinə başlanılıb. Məsələ ilə bağlı İnformator.az-a Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri açıqlama verib.
Elmin bəy atılan bu addımı müsbət qarşıladığını bildirib.
"Artıq neçə ildir ki, bu tendensiyaya start verilib və şəxsən bunu çox müsbət qarşılayıram.
Bu təşəbbüsə əvvəlcə pilot məktəblərdə, səhv etmirəmsə 20 məktəbdə başlanıldı ondan sonra bu say getdikcə artırıldı. İnanıram ki, 2024-də bu saylar daha da artacaq və bu birmənalı şəkildə alqışlanmalı olan hadisədir. Məktəb təkcə hər-hansı fənn, elm sahəsi tədris edən, onun ibtidai biliklərini öyrədən müəssisə deyil. Məktəb həm də milli şüur, vətəndaşlıq mövqeyi baxımından şəxsiyyəti formalaşdıran bir müəssisədir. Ona görə də bu müəssisədə milli ruhun inkişaf etdirilməsi üçün atılan addımları alqışlamaq lazımdır".
Ekspert qeyd edib ki, tədris digər dillərdə olan ümumi təhsil müəssisələrində Azərbaycan dilində olan fənnlərin artırılmasının faydasını sonrakı illərdə görəcəyik.
" Tədrisi Azərbaycan dilində olmayan məktəblərdə ana dilli fənnlərin artırılması çox müsbət hadisədir. Nə yaxşı ki, buna başladıq. Onunla bərabər olaraq həm "Qarabağ tarixi" həm də "Zəfər tarixi" fənnlərinin Azərbaycan dilində tədrisi ağıllı qərardır. Buna görə də Nazirlər kabinetinə, Azərbaycan Elm və Təhsil Nazirliyinə təşəkkür etməliyik. Bu addım Azərbaycan təhsilinin strateji yol xəritəsinə, dayanıqlılığına, şəxsiyyət yönümlü fəaliyyətinə hesablanmış addımdır. . "Qarabağ tarixi" və "Zəfər tarixi" fənnləri son bir neçə ildə tədris olunan fənnlərdir və xarici dilli məktəblərdə bu fənnlərin Azərbaycan dilində keçirməsinin faydasını sonrakı illərdə görəcəyik".
Elmin bəy son olaraq vurğulayıb ki, tədris digər dillərdə olan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər Azərbaycan dilində səlis danışa bilmir.
"Doğrudur digər dillərdə təhsil alan şagirdlər Azərbaycan dilində çox çətin danışır və bəziləri hətta danışa bilmir amma bu onların problemidir. Dil psixoloji bir prosesdir. Valideynlər öz uşağı üçün xarici dilli məktəbi seçə bilər bu onun hüququdur. Amma bəzi məsələlər xüsusilə Zəfərimizlə bağlı olan hadisələr uşaqların yaddaşına Azərbaycan dilində həkk olunmalıdır".
Aydan İsayeva