Bu avtomobillərin ölkəyə idxalına qadağa qoyulub-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 20:32 02.01.2024

Yeni ilin başlaması ilə ölkədə bəzi qanunlar qüvvəyə minib. Bunlardan biri də yaşı 10-dan çox olan avtomobillərin idxalı ilə bağlıdır.

 

Hökumətin qərarına əsasən, 2024-cü il yanvarın 1-dən 2013-cü ilə qədər istehsal olunan avtomobillərin idxalına məhdudiyyət qoyulur.

İstehsal tarixinə görə avtomobillərin Azərbaycana idxalına məhdudiyyətlər Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 nömrəli qərarına əsasən həyata keçirilir.

 

 

Bununla bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev informator.az- a açıqlama edib.

"Bildiyimiz kimi, ötən ildən yaşı 10-dan yuxarı olan avtomobillərin ölkəyə idxalına qadağa qoyulub.  Bu qadağaların əsas səbəblərindən biri Azərbaycanın avtomobil parkının yenilənməsidir".

Müsahib deyib ki, Azərbaycan avtomobil parkının 83%-i yaşı 10-dan yuxarı olan avtomobilləri təşkil edir. Dövlət də bu yönümdə addımlar ataraq həmin avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyətlər qoyub.

 

"Bunların əsas səbəbi isə həm avtoparkın yenilənməsi, həm də ölkəyə gətirilən köhnə avtomobillərin yararsız olmasıdır. Artıq həm dövlət, həm də özəl sektor avtoparkın yenilənməsi istiqamətində işlər görür. Bu da avtoparkımızın cavanlaşmasına xidmət göstərəcək".

 

Eyyub Əliyev sonda əlavə edib ki, ölkədə bəzi şəxslər bundan istifadə edib 2-ci əl avtomobillərin qiymətində artım edəcəklər.

Nəzrin Mirzəyeva