Tarixdə bu gün-Polad Həşimovun doğum günü
Bölmə: Sosial › ,Tarix: 21:38 02.01.2024
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür.
Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər.
Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək, peşəkar hərbçi olub.
General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Şəhidin qardaşı İlham Həşimov Polad Həşimovla bağlı xatirələrini informator.az-la bölüşüb:
"Polad və mən ayrıca xüsusi bir məktəbdə yox, evimizə yaxın sıradan bir məktəbdə təhsil alırdıq. Məktəbimizi bir neçə dəfə dəyişsək də Polad dərslərini daim yaxşı oxuyurdu, hətta mənə də kömək edirdi. Poladın uşaqlıqdan hərbiyə həvəsi var idi. O vaxtlar hərbi texnikaya aid jurnallar çap olunurdu və Polad onları alıb oxuyurdu. Orta məktəbi bitirdikdən sonra Polad Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə qəbul oldu. 18 yaşı tamam olmamasına baxmayaraq Polad Birinci Qarabağ müharibəsində iştirak edib. Birinci Qarabağ müharibəsinin bitməsindən sonra da o, daim cəbhə bölgəsində olan hərbi hissələrdə xidmət edib.
Aprel döyüşləri baş verəndə Tərtər rayonu istiqamətində gedən döyüşləri Polad idarə edib. Gecə döyüşlərində Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi onun başçılığı altında işğaldan azad olunub.
Tovuz döyüşləri baş verəndə Polad özünü tez ora yetirdi, ermənilərə ağır itkilərdə verdirdi. Polad döyüşlərdə olanda xəyanət nəticəsində şəhid oldu. Bir şeyi unutmayaq ki, Polad öz əsgərləri ilə birlikdə səngərdə, düşmənlə vuruşanda şəhid oldu. Bu Türk dünyasında, Azərbaycanda bir ilkdir.
Poladın kursant yoldaşlarıyla, mənimlə xatirələri çoxdu. Bu xatirələrlə bağlı filmlər çəkmək istəsəydilər, bir şəkil haqqında saatlarla danışmaq olar. Amma əfsus ki, bununla bağlı yaxşı bir film çəkmək istəmirlər".
İlham bəy sözlərini Azərbaycan xalqına təşəkkür edərək bitirib.
"Xalqıma təşəkkür edirəm ki, Poladı unutmadı, unutdurmadı, Poladın adını yaşatmağa davam etdi".
Yusif Mamedov