Nə zaman ki bunlar tam formalaşacaq, o zaman şiddət və zorakılıq da həyatlardan çıxacaq-Psixoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 11:33 03.01.2024

"İnsanların əksəriyyəti belə düşünür ki, ailədə zorakılıq varsa, bunu "ailə məsələsidir" deyib keçmək, lakin tərəflərin bir-birinə xoş münasibətini və ya xoş səslənməsini qınamaq lazımdır. Lakin məhz elə bu fikirlər məişət zorakılığına gətirib çıxarır və bu da bir sıra doğru bilinən yanlışlardandır".- Bu sözləri informator.az-a açıqlamasında psixologiya üzrə fəlsəfə doktoru Bahar Bəylərova-Ələkbərova söyləyib.

 

Psixoloq deyir ki, əgər bir ailə qurulursa, bir münasibət varsa, bunun sonu da ola bilər.

 

"Çünki müəyyən yaş dövründən sonra onlar çox fərqli dünyagörüşlü insanlara çevrilə, sevgi düşüncələri dəyişə bilər. Amma təbii ki, bu bir boşanmaqla nəticələnirsə, bu zaman münasibət mədəniyyətinə diqqət etmək mütləqdir".

 

Bahar Bəylərovanın sözlərinə görə, boşanmalar zamanı uşaqlara daha çox zərər verən, onlara travma yaşadan "mədəniyyətsiz" boşanmalar və ya birlikdəlikdir.

 

"Doğru-düzgün bir formada olan boşanmalarda uşaqlar travma almayıb valideynlərindən yüksək mədəniyyəti öyrənmiş olurlar. Bu gün bizi bəzi mövzularda çıxılmaz vəziyyətə də salan ailələrdəki məişət zorakılığı, qarşı cinsə olan şiddətdir. Çox yüksək münasibət, birlikdəlik və ayrılıq mədəniyyəti nə zaman ki tam formalaşacaq, o zaman şiddət və zorakılıq da həyatlardan çıxacaq. Təbii ki, bu normal psixi vəziyyətdən də asılıdır".

 

Psixoloq sonda əlavə edir ki, bu tip məsələlərdə daha çox problemin yaşanmasına səbəb olan amillərə qəzəbini idarəetməmə, qısqanclıq və insanların maariflənməməsi kimi problemlərdə daxildir.

 

Aytac Kərimova