Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşanda nə etmək lazımdır? -Ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 18:42 03.01.2024
Hava şəraiti ilə əlaqədar bu gün bəzi avtomobil yollarında görünüş məsafəsi məhdud olub.
Bəs, bu yollarda maşınların davamiyyətinə necə təsir edir?
Hava şəraiti ilə əlaqədar yollardakı vəziyyəti DYP necə tənzimləyir?
Nəqliyyat eksperti Yasin Mustafayev bununla bağlı informator.az-a açıqlama edib:
"Avtomobil idarə edərkən həm hərəkət sürətini, sürət həddini, həm də yol hərəkətlərini faktiki şəraitə uyğun seçmək lazımdır.
Avtomobil yollarında maksimum 90 km/saat hərəkət sürəti müəyyən edilibsə, bu ən optimal vəziyyətdə, yəni günün işıqlı vaxtında, havanın yağış, duman, çən, buz olmadığı şərait üçün nəzərdə tutulubdur. Qeyri-sabit havada maksimum dərəcədə ehtiyatlı olmaq və həmin şəraitə uyğun sürəti seçmək lazımdır".
Ekspert bildirib ki, dağlıq ərazilərdə duman müşahidə edilir və o ərazi və yollardan istifadə edən şəxslər diqqətli olmalıdırlar.
" Yol-patrol xidmətinin əməkdaşları da belə yerlərdə xidmətlərini həyata keçirirlər. Onlar maksimum dərəcədə kütləvi informasiya vasitələri ilə sürücülərə xəbərdarlıq edirlər".
Yasin Mustafayev qeyd edib ki, məsuliyyətin böyük bir qismi sürücünün üzərinə düşür.
"Hərəkət iştirakçılarını və özlərini təhlükəyə atmamaq üçün qeyd olunan təhlükəsizlik qaydalarına əməl etməlidirlər".
Çimnaz Məmmədova