İnternet xəttləri
Bölmə: Sosial › ,Tarix: 19:18 03.01.2024
Bir vaxtlar internetin yoxluğundan şikayətlənirdik, əsasən də ətraf kənd və qəsəbələrdə internetin əlçatan olmaması yönündə müraciətlər daxil olurdu. İndi isə provayderlərin çoxluğundan, daha doğrusu, işlərini düzgün qurmamaqlarından şikayət edilir. Hər provayder ayrı dirək basdırır, deyirlər. Elə küçələr var ki, görüntü həqiqətən xoş deyil.
Paytaxtın bir çox kəndində məhz belə dirəklər yerləşdirib üzərindən internet xəttləri çəkirlər. Amma Mehdiabad qəsəbəsində birdən çox dirək görmək mümkündür. Bir-birindən aslı olmayan internet provayderləri məhz burda dirəklərini yerləşdirib üzərindən xəttlərini çəkərək nəticədə belə xoşagəlməz görüntü yaradıblar.
Maraqlı məqam budur ki, həm bizim, həm də orada yaşayan sakinlərin gördüyünü əraziyə cavabdeh olan bələdiyyə görmədiyini deyir. Bələdiyyədən həmçinin bildirildi ki, ərazidə müxtəlif provayderlərin fəaliyyət göstərməsini istəyən elə sakinlərin özləridir.
Mehdiabad bələdiyyəsinin sədr müavini Tahirə Süleymanova qeyd etdi ki, özləri nömrələrin də paylayırlar, üstlərində nömrələr olur. Zəng vurub çağırırlar, onlar da gəlib çəkirlər.
"Bizim hal-hazırda heç bir məlumatımız yoxdur. Vətəndaşların istəyi ilə olub. Heç onlar öz başına gəlib Mehdiabadda iş görə bilməzlər. Yəni məlumatım yoxdur ki, kimsə onlara icazə verib".
Kənar qəsəbələrdə vətəndaşlara xidmət təklif edən provayderlər arasında dövlətə məxsus olanlar da var.
"Aztelekom" və "Baktelekom"un mətbuat katibi Alidə Mustafayeva bildirdi ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinin həyata keçirilən "onlayn Azərbaycan" layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər və əvvəlki dirəklər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiberoptik kabellər yeni dirəklərlə əvəzlənir.
"Burada əsas məqsəd dövlət özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində mimimum 25 meqabit saniyyə internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir".
Özəl provayderlərdən isə yaşayış məhəllələrinin görünüşünə xələl gətirən xidmət barədə məlumat öyrənə bilmədik. Əsas olan internetin çatdırılmasıdı deyirlər. Amma unudulur ki, əsas olan həm də necə çatdırılmasıdır.