"İmtahana son gün hazırlaşan tələbə sindromu"-Psixoloqdan açıqlama

Bölmə: Sosial › ,
Tarix: 20:30 03.01.2024

Bildiyimiz kimi, ali təhsil müəssisələrində imtahan sessiyasına çox az vaxt qalıb. Tələbələrin əksəriyyəti isə imtahanlara son gün hazırlaşmağa üstünlük verirlər. Bəs psixoloji cəhətdən bu nə dərəcə doğrudur? İnsan beyni az müddət ərzində çox məlumatı nə qədər effektiv öyrənə bilər?  

 

Klinik psixoloq Elanur Seyfidar mövcud situasiya ilə bağlı İnformator.az-a açıqlamasında bildirir ki, imtahan ərəfəsi tələbələrin əksəriyyəti "imtahan qayğısı" adlanan stressə girirlər. İmtahan stressi ilə bağlı əlamətlər insanı gündəlik edə biləcəyi işlərdən uzaqlaşdıra bilir. 

 

"Beyin bütün hər şeyi son dəqiqə öyrənmək gücünə malik deyil. Əlbəttə, bu o demək deyil ki, son gün çalışanlar uğursuz nəticə əldə edirlər. Lakin 3-4 ay ərzində tədrisi nəzərdə tutulmuş proqramı heç çalışmadan sadəcə son günə buraxmaq və uğurlu nəticə əldə etmək bir az da şansa bağlıdır". 

 

Elanur Seyfidar mövcud vəziyyətlə bağlı bir təcrübəni paylaşır:

 

"Sinqapurda bir tibb məktəbində bununla bağlı təcrübə keçirilir.  Təcrübə 72 könüllü arasında aparılır.

Tələbələri 3 qrupa bölürlər. 80 dəqiqəlik tədrisdən sonra 3 qrupun hər birinə təklif edilir ki, yata, film izləyə və dərs edə bilərsiniz.

80 dəqiqədən sonra onları imtahan edirlər. Yatmağı seçən qrupda imtahan vaxtı görülür ki, müəyyən müddət beynini dincəltmiş tələbələr daha yüksək nəticə əldə ediblər. Bu da bizə onu deməyə əsas verir ki, dərsləri beyni sıxışdırmadan, bütün məlumatları uzun müddətə paylayaraq öyrənmək daha yaxşıdır". 

 

Psixoloq vurğulayır ki, əgər tələbələr beyni dincəltmədən imtahana girirlərsə, həmin vaxt sanki affekt halı yaşayırlar.  

 

"Bu baxımdan tələbələrə tövsiyəm odur ki, imtahana hazırlaşmağı son günə saxlamasınlar. Hətta elm adamları da təsdiqləyirlər ki, son gün imtahana çalışmaqdansa, sonuncu gün beyinə istirahət vermək daha doğrudur". 

 

Psixoloqun sözlərinə görə, bəzən diqqət əskikliyi yaşayan tələbələr uzun müddət dərs çalışmağı bacarmadıqlarını deyirlər.

 

"Əslində, hər gün həddindən artıq çalışmaq yerinə, 25 dəqiqə çalışıb 5 dəqiqə ara vermək zehin yorğunluğunu aradan qaldırır və məlumat qəbulunu daha gücləndirir".

 

Məryəm Abdullazadə