Mövzuya son dəqiqə hazırlaşan tələbələr -Məcburiyyət ya seçim?
Bölmə: Sosial › ,Tarix: 13:30 04.01.2024
Tələbəlik insan həyatının ən yaddaqalan dövrlərindən biridir. Tələbəliyi unudulmaz edən dövrlərdən biri isə "imtahan sessiyaları"dır. Bu dövrdə bir çox tələbələr imtahandan keçib-keçməyəcəkləri, yaxud da daha yüksək nəticə əldə edib-etməyəcəkləri barədə stress keçirirlər. Bununla yanaşı, imtahana son gün və son dəqiqə hazırlaşmağı da əldən vermirlər.
Bəs, görəsən, bu stressin qarşısı necə alına bilər? Yaxud da imtahana son gün hazırlaşmağın tələbələrdə stresslə nə kimi bağlılığı var?
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva İnformator.az-a açıqlamasında bildirir ki, ümumiyyətlə, hər bir insanın bir mövzuya hakim olma və mövzunu dərindən qavraması fərqlidir.
"Kimisi bir mövzunu bir neçə saata mənimsəyə bilirsə, digər insan üçün bu, günləri, həftələri ala bilər".
Psixoloq deyir ki, bir dərsi mənimsəmək üçün uzun müddət sərf edən tələbəyə imtahana son gün hazırlaşmaq psixoloji cəhətdən çətinlik yaradacaq:
"Digər tərəfdən, mövzunu rahat qavrama qabiliyyəti olan tələbələrdə imtahana son gün hazırlaşmaq çətin olmayacaq. Çünki onlar bilirlər ki, bir gün ərzində bu mövzuya hakim ola bilərlər, ya yox. Buna görə də bu qisimdən olan tələbələr heç bir psixoloji basqı yaşamırlar".
Nabat Mirzəyeva vurğulayır ki, əvvəlcə biz öz öyrənmə qabiliyyətimizi və mənimsəmə müddətimizi müəyyənləşdirməliyik:
"Əgər bir tələbə bir mövzunu 10 gün ərzində öyrənə biləcəyini bilirsə, amma buna rəğmən yenə də öyrənməni son günə saxlayırsa, bu çox böyük gərginliyə səbəb olacaq. Həmin vaxt "Görəsən, imtahandan keçəcəm?", "Görəsən, nəticə necə olacaq?" kimi narahatlıqlar yaranmağa başlayacaq. Bu suallarla beyni yormaqdansa, imtahana əvvəlcədən hazırlaşmaq daha yaxşıdır".
Psixoloqun dediklərinə görə, necə ki biz nələri sevib-sevmədiyimizi biliriksə, dərsləri də neçə müddətdə qavraya biləcəyimizi müəyyənləşdirməli və ona uyğun hərəkət etməliyik:
"Bədəninə stress yaşatmamaq, həmçinin qorxu, panika, təşviş və stressə düşməmək üçün öz öyrənmə tutumunu müəyyənləşdirmək çox vacibdir".
Məryəm Abdullazadə