Peşə-ixtisas təhsili müəssisələrində inkişaf -Agentlik Nümayəndəsi Detalları AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 13:38 04.01.2024
"2018-ci ildə 13960 nəfər peşə təhsil müəssisələrinə qəbul olubsa, 2023-cü ildə bu rəqəm artıq 20000-i ötüb. 2022-ci ildə 20563 tələbə, 2023-cü ilin cari göstəricilərinə əsasən 31.507 tələbə peşə təhsil müəssisələrində tədrisə başlayıb. 2026-cı ilə qədər qəbul olunan tələbə sayı 27335-ə çatması hədəf olaraq götürülüb. Ali təhsilə keçid imkanı verən yüksək texniki peşə təhsili (subbakalavr dərəcəsi) alan tələbələrin sayı 2423-dür. 2026-cı ilə qədər bu təhsil səviyyəsi üzrə təhsil alanların sayının 9200 nəfər artması planlaşdırılır".-Bu sözləri informator.az-a açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi Nəriman Kərimli bildirib.
Nəriman Kərimli qeyd edib ki, ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ilə bağlı müvafiq olaraq 145 və 429 vakant yer təqdim edilib, ümumilikdə 2522 nəfər müraciət edib və 1963 nəfər müsabiqəyə buraxılıb.
"Müsabiqə mərhələsində uğur qazanan 200 istehsalat təlimi ustası, 104 ixtisas fənn müəllimi işə qəbul edilib. Yüksək texniki peşə təhsili üzrə çıxarılmış 17 vakant yerə ümumilikdə 662 müraciət daxil olub və YTP müəllimləri üçün müsahibə komissiyası tərəfindən müvafiq olaraq 50-yə yaxın namizəd ilə onlayn müsahibə keçirilib. Nəticə olaraq 17 yüksək texniki peşə müəllimi işə qəbul edilmişdir. Ümumilikdə 2023-2024-cü tədris ili üzrə peşə təhsili müəssisələrində 321 nəfər mühəndis-pedaqoji heyət işlə təmin olunub".
Agentlik nümayəndəsi eyni zamanda qeyd edib ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin artıırlması məqəsdilə 2023-cü il ərzində peşə təhsili müəsissələrinin aşpaz, qənnadıçı, qaynaq, turizm, elektrik, qrafik dizayner ixtisasları üzrə 151 nəfər mühəndis-pedaqoji heyəti üçün işəgötürən müəssisələrdə ixtisasartırma təlimləri təşkil edilib.
"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış Protokola uyğun olaraq müxtəlif peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasında təlim səfəri təşkil edilib. Təlimlərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən 11 peşə təhsili müəssisəsinin 40 nəfər müəllim heyəti iştirak edib".
Nəriman Kərimli əlavə edib ki, peşə təhsilində qabaqcıl beynəlxalq təcrübələr bir çox istiqamətlərdə tətbiq edilib.
"Almaniya, Koreya, İngiltərə və Türkiyə təcrübəsi öyrənilir və tətbiq edilir. Bakı və Qəbələdə Türkiyə ilə birgə idarə olunacaq peşə təhsil müəssisələri qurulur. Son 6 ildə müasir əmək bazarının tələblərinə uyğun 74 yeni təhsil proqramı hazırlanıb. Son 6 ildə fərqli istiqamətlər üzrə 500 mindən çox yeni dərslik çap edilib".
Müsahib həmçinin bildirib ki, 2022/2023-cü tədris ilində 70-dən çox işəgötürənlə əməkdaşlıq etməklə 700-dən çox tələbəni iş yerində öyrənmə-alman təcrübəsi əsasında dual təhsil proqramına cəlb edilib. Tələbələrin təxminən 50%-ə yaxınına iş təklifi edilib.
"2023/2024-cü tədris ilində: 12 region, 872 tələbə (48 qrup) , 22 ixtisas, 100 işəgötürən 2015-ci ildən (2015–2023: 6000 tələbə) etibarən tətbiq oluna alman modelinə əsaslanan dual proqramlarda iş yerində öyrənmə zamanı təhsil alan tələbənin səriştə və bacarıqları, həmçinin xarakterik göstəriciləri ilə işəgötürən daha yaxından tanış olur, onun şirkətə uyğunluğunu və potensialını müəyyən edir. Şirkətin etimad etdiyi işçisi tələbəmizlə birbaşa işləyir və ona mentorluq edir, öz təcrübəsini və biznes etikasını tələbəyə öyrədir. Bu da tələbə üçün məzun olduqdan sonra iş tapmaq imkanlarını ikiqat artırmış olur".
Nəriman Kərimlinin sözlərinə görə, infrastrukturun yenilənməsi tədrisin yaxşılaşdırılması üçün atılan əsas addımlardan biridir.
"Cəlilabad - ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti, STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128 yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq ferması və digər köməkçi binalar yerləşir. Peşə Təhsil Mərkəzində qənnadıçı, şirniyyatçı, dərzi, kompüterlərin təmiri və xidməti üzrə texnik, mühasibat uçotu, qrafik dizayner, veb-dizayn və proqram təminatı, çilingər-santexnik, geniş profilli traktorçu-maşinist, elektrik montyoru, bərbər-vizajist-manikürçü, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, mebel ustası istiqamətləri üzrə mütəxəssis hazırlığı aparılacaq".
Agentlik Nümayəndəsi onu da əlavə edib ki, Füzuli - 10 may 2022-ci il tarixində Prezident İlham Əliyev tərəfindən Füzuli peşə liseyinin təməli qoyulub.
"Peşə Liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcək. Kompleksdə tədris, laboratoriya təcrübələri, idman binaları və meydançası yaradılacaq. Burada həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq və texnika, təsərrüfat anbarları, təsərrüfat qurğusu, praktik təlimlər qurğusu da inşa ediləcək. Bu müəssisədə əsas istiqamətlər kənd təsərrüfatı və aviasiyadır. Müəssisədə PUA təmiri, dron təmiri emalatxanaları həmçinin təyyarə və yerüstü aviasiya vasitələri emalatxanasının tikintisi nəzərdə tutulur".
Müsahib Lənkəran Peşə Liseyi 2024-cü ildə istifadəyə veriləcəyini, Bakı, Gəncə, Bərdə, Qəbələ, İsmayıllı, Cəlilabad, Füzuli və Lənkəran şəhərlərində yeni və müasir peşə təhsil müəssisələri qurulduğunu və prosesin davam etdiyini vurğulayıb.
Nəriman Kərimli onu da qeyd edib ki, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün binalar tikilir.
"Mingəçevir Peşə Təhsil Mərkəzinin binasının tikintisi isə başlamaq üzrədir. Eləcə də Füzuli Peşə Liseyi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz, Qax və Quba Peşə liseylərinin binalarının layihələndirilməsi aparılır".
Agentlik Nümayəndəsi sonda vurğulayıb ki, bu müəssisələrdə ağıllı istixanalar, ferma, təcrübə hotelləri, həmçinin PUA təmiri emalatxanaları kimi müasir infrastrukturla təmin edilib.
"İnklüzivliyin təminatı üçün pandus qoyulmaqla, hibrid təlimin təşkili ilə şərait yaradılır".
Aynur Babayeva