Keçid balları enəcək mi? -Ekspertdən AÇIQLAMA
Bölmə: Sosial › ,Tarix: 17:26 04.01.2024
2024-cü il üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları yaxınlaşır. Abituriyentləri maraqlandıran suallardan biri isə bu il ballarda enmə və ya artma müşahidə olunacaq mı?
İnformator.az- a açıqlama edən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə,
2024-cü il üzrə Ali təhsil müəssisələrinin bakalavr pilləsində keçiriləcək qəbul imtahanlarının əhatə dairəsinin əvvəlki illərdən fərqlənəcəyini qeyd edib.
"2024-cü ildə keçiriləcək imtahanların artıq Azərbaycanın işğaldan azad olunan tarixi torpaqlarında da keçirilməsi böyük bir hadisədir. Yəni biz buna qədər Çocuqmərcanlıda və Ağalı kəndində bunu müşahidə etmişdiksə artıq Laçında və digər ərazilərdə bu illəri qəbul və buraxılış imtahanlarını görəcəyik. Bu 2024-cü il imtahanları üçün kifayət qədər yaxşı bir nəticədir".
Ekspert dövlət proqram çərçivəsində ali təhsil müəssisələrinə qəbul plan yerinin artacağını bildirir.
"Bu il ali təhsil müəssisələrinin qəbul plan yeri 60 mindən çox olacaqdır. Bu ali təhsil müəssisələrinə qəbul olanlarının sayına müsbət təsir göstərəcəkdir.
Məsələn, biz 14 il bundan əvvələ baxanda görürük ki, 2010-cu ildə ali məktəblərə 29 min nəfər qəbul ola bilirdisə, bu il artıq onların sayı 60 mindən çoxdur. Yəni 14 il ərzində ali təhsil müəssisələrinə qəbul plan yeri kəskin şəkildə artıb".
Müsahib qeyd edir ki, bu il ali təhsil müəssisələrinə ixtisas qrupları üzrə keçid ballarında enmələr müşahidə olunacaq.
"Bunun birinci səbəbi plan yerlərinin artmasıdırsa, ikincisi səbəb isə ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verənlərin sayında azalmaların olması ilə bağlıdır. Yəni məzunların sayında biz azalmalar müşahidə edirik.
Bu da bir mənalı şəkildə ali məktəblərə qəbulun əl çatanlığına kömək göstərəcək".
Ekspert düşünür ki, bu il Qarabağ Universitetinin fəaliyyətə başlaması ali təhsilin bölgələrə doğru meyillənməsini artıran faktordur.
İxtisas qrupları üzrə dəyişiklik olacaq mı?
"Ciddi bir dəyişiklik olmayacaq. Sadəcə olaraq bir neçə yeni ixtisas ali təhsil müəssisələrinin bakalavr pilləsində olacaq. Amma qəbul qaydalarında, ümumiyyətlə, fənlərdə, fənn bloklarında hər hansı bir dəyişiklik bu il olmayacaq. Əsasən plan yerlərinin artması və yeni bir neçə ixtisasın əlavə olunması müşahidə olunur".
Kamran Əsədov əlavə edir ki, əvvəlki ilə nisbətən bu il daha yüksək nəticələr gözlənilir.
"Ümumi olaraq, 2024-cü ildə bizim təhsil nəticələrimizin yaxşı olmasını gözləyirik. Xüsusilə, pandemiyadan əziyyət çəkən uşaqlar 2023-cü ildə təhsillərini tamamladı. Bu il isə tam programla hazırlaşan uşaqlardılar. Buna görə də biz bu il qəbul imtahanlarında yüksək nəticələr gözləyirik".
Natavan Həsənova