Abituriyent imtahana səmərəli hazırlaşmaq üçün sistemli dərs planı hazırlamalıdır-Nigar Ağazadə
Bölmə: Sosial › ,Tarix: 17:45 04.01.2024
Buraxılış imtahanı, ali məktəblərə qəbul imtahanları yaxınlaşdıqca abituriyentlərdə imtahan stressi, həyəcanı yaranır, bəzən onlar dərs planlarını düzgün bölmək, vaxtlarından səmərəli istifadə etməklə bağlı çətinlik çəkirlər.
2022-ci ildə ali məktəbə qəbul imtahanları zamanı 700 bal toplayan Nigar Ağazadə informator.az- a açıqlaması zamanı imtahanlara səmərəli hazırlaşmaq, gündəlik dərs planı ilə bağlı abituriyentlər üçün öz məsləhətlərini bildirib:
"Məncə, abituriyent imtahana səmərəli hazırlaşmaq üçün özünə uyğun, sistemli bir dərs planı hazırlamalıdır. Bu plan dərslərin təkrarını, yeni dərsin öyrənilməsini, səhvlər üzərində işləməyi və s. əhatə etməlidir. Disiplin və vaxtın düzgün idarə olunması çox önəmlidir. Çünki motivasiya qalıcı deyil, dərs oxumaq üçün həvəs həmişə olmur. Ona görə də tövsiyəm odur ki, abituriyentlər özlərində disiplin yaratsınlar. Amma bu o demək deyil ki, abituriyentlik illərini yalnız dərslə keçirmək lazımdır".
Nigar Ağazadə qeyd edib ki, vaxtı düzgün böldükdə əyləncəyə də zaman ayırmaq olur.
"Önəmli olan öncəliklərini bilməkdir.
İmtahan stresinin idarəsinə gəldikdə isə məncə sınaqların köməyi burada çox toxunur. Həm zamanı düzgün bölməyə, həm də imtahan mühitinə uyğunlaşmağa kömək olur".
Müsahib abituriyentlərə bacardıqları qədər sınağa getmələrini tövsiyə edir.
"Beləcə sınaqda topladıqları balla imtahan nəticələrinin necə olacağını təxmini bilərlər, həm də zəif yerlərini öyrənərlər".
Qeyd edək ki, Nigar Ağazadə 2022-ci ildə IV ixtisas qrupu üzrə 700 bal toplayıb.
O, Türkiyədə təhsil alır, Ankara Universiteti Tibb Fakültəsinin tələbəsidir.
Nəzrin Mirzəyeva