Skuter sürücülərinin qayda pozuntusu artıb

Bölmə: Sosial › ,
Tarix: 22:12 04.01.2024

Skuter idarə edənlərin sayı gündən günə artmaqdadır. Təbii ki, yaxşı haldır. Havanın daha az çirklənməsi, avtomobilsizləşmə baxımından bu, müsbət hal kimi dəyərləndirilir. Amma bu minik vasitəsini idarə edənlərin yaratdıqları problemlər də artıb.

 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi də elektrikli skuterlərlə qayda pozuntusu törədənlərin sayında ciddi artım olduğunu təsdiqləyir. 

 

NİİM-in mətbuat katibi Ömər Xıdırov qeyd edib ki, bizim müşahidələrimizə əsasən moped, motosiklet eləcə də elektraskuter və ümumilikdə skuter sürücüləri bu cür qaydaları tez-tez pozurlar. 

 

"Bu cür sürücülər yollarda necə gəldi hərəkət edirlər, manevr etmə qaydalarını pozurlar, əks istiqamətə hərəkət etməklə deməli qaydaları pozurlar. Eləcə də zolaq dəyişməklə müxtəlif qayda pozuntularına yol verirlər. Söhbət təkcə qəzanın baş verməsindən getmir, bir çox hallarda onlar qəza şəraiti yaradırlar və nəticədə də indi professional sürücülər var ki, həmin o qəzadan yayına bilir, ancaq elə sürücülər də var ki, o qəzadan yayına bilmir".

 

Elektroskuterlər qanunvericiliklə nəqliyyat vasitəsi kimi tanınmır, dövlət nömrə nişanı verilmir və onların qeydiyyatı aparılmır. Sürücülük vəsiqəsi də tələb olunmur. Yaş həddinin də olmaması qəza riskini bir qədər də artırır.

 

BŞDYPİ-nin bölmə rəisi Toğrul Nəsirli bildirib ki, hər gün istər avtomobil sürücüləri, istərsə də piyadalar tərəfindən elektroskuterlərlə bağlı şikayətlər daxil olur. 

 

"Dəfələrlə edilən xəbərdarlıqa baxmayaraq bu gün bəzi skuter sürücüləri həm avtomobil sürücülərinə, həm də piyadalara təhlükə yaradırlar. Elə buna görə də skuter sürücülərindən xahiş edirik ki, təhlükəsizlik qaydalarınla yanaşı yol hərəkəti qaydalarına da biganə yanaşmasınlar. Bəzən müşahidə edirik ki, onlar avtomagistrallarda da hərəkət edirlər, bu kimi hallar təbii ki, yolverilməzdir. Unutmaq olmaz ki, ani diqqətsizlik yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər". 

 

Qeyd olunur ki, elektrikli skuterləri nəzərdə tutulan xüsusi yerlərdə, həmçinin yolun sağ zolağı ilə nəqliyyat axınına mane olmadan idarə etmək lazımdı. Təkcə son bir həftə ərzində qaydalara əməl etməyən iki skuter sürücüsü qəzaya uğrayıb və hər ikisi ciddi xəsarət alıb.