“Erkən nikahların və qohum evliliyinin fəsadlarına dair profilaktik tədbirlər” layihəsi-PRES-RELİZ
Bölmə: Sosial › ,Tarix: 19:30 05.01.2024
Lənkəranda ölkə gəncləri üçün erkən nikahlar və qohum evliliyi mövzusunda yeni bir milli layihə həyata keçirilir. İnformator.az xəbər verir ki, bu barədə “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyinin Mətbuat Katibliyindən məlumat verilib.
(MAGİYA) ictimai birliyi cari ilin 05-07 yanvar tarixlərində Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində “Erkən nikahların və qohum evliliyinin fəsadlarına dair profilaktik tədbirlər” layihəsi çərçivəsində Azərbaycan Respublikasının 16 yaşayış məntəqəsindən (Bakı, Bərdə, Cəbrayıl, Goranboy, Göygöl, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qəbələ, Quba, Lənkəran, Masallı, Naxçıvan, Neftçala, Şəmkir, Tərtər) olan 25 nəfər gənc üçün Azərbaycan Respublikasının Gənclər Fondunun 8500 (səkkiz min beş yüz) manatlıq maliyyə dəstəyi ilə 3 günlük nəzəri-praktik konfransın keçirilməsinə başlayıb. Nəzəri-praktik konfransda coğrafi və gender balans nəzərə alınmaqla, respublika üzrə 18-29 yaş arası 25 nəfər gənc və gənc ailəni təmsil edən 19 nəfər qız və 6 nəfər oğlanın iştirakı təmin olunub. İctimai birliyin heyətindən başqa konfransda qonaq qismində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi müavini Könül Manafova, Ombudsman Aparatının Cənub Regional Mərkəzinin rəhbəri cənab Ziya İsmayılov, ekspert qismində isə Lənkəran Rayon Vəkil Bürosunun vəkili və mediator cənab Zaur Qasımov iştirak edərək özlərinin şəxsi bilik və təcrübələrini gənclərlə bölüşmüş və iştirakçı gənclərin suallarını cavablandırıblar.
Nəzəri-praktik konfransda işçi heyətlə iştirakçılar arasında erkən nikahlar və qohum evliliyi məsələləri sahəsində bir çox mövzuların – “Erkən nikahlar haqqında ümumi məlumat: BMT-nin Əhali Fondunun və Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarının təhlili, Erkən nikahların başvermə səbəbləri və erkən nikaha daxil olmanın sosial fəsadları, Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğulan uşaqların əsas hüquqi problemləri, Erkən nikahdan doğulan uşaqların təhsildən yayınması halları – təhsil hüququnun pozulması və nikahdan kənar doğulan uşaqların əsas sosial problemləri – uşaq əməyinin istismarı, Azərbaycanda klassik və müasir ailə dəyərləri, Qohum evliliyi və ona rəvac verən adət-ənənələr, Yetkinlik yaşına çatmayan qız uşaqlarının zorla ərə verilməsi, o cümlədən qadını nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət, Erkən nikahların rəvac verdiyi məişət zorakılğı problemi və ailədaxili zorakılığa qarşı məsuliyyət, Erkən nikahların pozulması hallarında atalıq faktının və ananın yaşayış hüququnun tanınması, birgə nikah dövründə əldə edilən əmlakın və mülkiyyətin bölüşdürülməsi məsələləri və aliment öhdəlikləri, Azərbaycanda nikahlar və boşanmalar: mövcud vəziyyət və statistika, Məlumat bankı - Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Cəmiyyətdə erkən nikahların, qohum evliliyinin, habelə ana və uşaq ölümü hallarının və boşanmaların qarşısının alınması yolları, Qızların təhsilə cəlb edilməsi, azyaşlıların nikahına yol verilməməsi və reproduktiv sağlamlıqla bağlı maarıfləndirmə yolları” müzakirə olunması və 3 günlük tədbir ərzində aidiyyəti mövzularla bağlı müxtəlif sosial çarxların izlənilməsi nəzərdə tutulub. Tədbir ərzində müxtəlif interaktiv üsullardan, təqdimatlar, beyin həmləsi, fokus qrup müzakirələri, interaktiv qrup işləri, enercayzerlər, iştirakçılarla və mütəxəsislərlə qarşılıqlı fikir mübadiləsi kimi fərqli metodlardan geniş istifadə olunması planlaşdırılır.
Tədbirin sonunda bütün iştirakçılara erkən nikahlar və qohum evliliyi məsələləri sahəsində müvafiq təqdimatların təqdim edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 01 dekabr 2023-cü il – 29 fevral 2024-cü il tarixlərini əhatə edən 3 aylıq layihənin məqsədi Azərbaycanda erkən nikahlar və qohum evliliyinin fəsadlarına dair profilaktik tədbirlər çərçivəsində gənclərin və gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.
Əlavə edək ki, tədbirdən öncə Azərbaycanın 36 müxtəlif yaşayış məntəqəsindən (Abşeron, Agcabədi, Ağdam, Ağstafa, Astara, Bakı, Bərdə, Biləsuvar, Cəbrayıl, Füzuli, Gəncə, Goranboy, Göygöl, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Qobustan, Quba, Laçın, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Naxçıvan, Neftçala, Oğuz, Salyan, Sumqayıt, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yardımlı, Yevlax) 104 nəfər gənc ərizəçi (68 qız və 36 oğlan) tədbirdə iştirak etmək üçün təşkilata müraciət edib ki, onlardan da yalnız 25 nəfəri (6 oğlan və 19 qız) tədbirdə iştirak etmək hüququ qazanıb.
MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi