Yağış damcılarının sürəti nədir?
Bölmə: Maraqlı › ,Tarix: 22:14 05.01.2024
Atmosferdəki su buxarı toz hissəcikləri üzərində qatılaşır və yağış damcıları əmələ gətirir. Damcılar böyüdükcə suyun səthi gərilməsi səbəbindən sferik forma almağa başlayır. Yerə doğru düşməyə başladıqca hava molekullarının yaratdığı sürtünmə nəticəsində alt hissələri düzləşməyə başlayır və damcılar sferik formalarını itirirlər.
Yağış damcıları yerə doğru düşdükcə tez-tez digər yağış damcıları ilə toqquşur və bu proses nəticəsində daha böyük su damcıları yarana bilir. Yağış damcıları çox böyüdükdə (diametri təqribən 5 millimetrə çatır) havanın sürtünməsi nəticəsində formalarının dəyişməsi səbəbindən dağılır və daha kiçik yağış damcıları əmələ gəlir. Bu səbəbdən yağış damcılarının ölçüləri bir-birindən fərqlidir.
Yağış damcılarının sürəti onların ölçüsü ilə bağlıdır. Yağış damcıları cazibə qüvvəsinin təsiri ilə yerə doğru düşdükcə onlara təsir edən cazibə qüvvəsi ilə hava molekullarının yaratdığı sürtünmə qüvvəsi tarazlaşdırıldıqda sabit sürətlə hərəkət etməyə başlayırlar. Bu sürət damlanın ölçüsündən, formasından, kütləsindən və havanın sıxlığından asılıdır. Diametri, təxminən, 5 millimetr olan yağış damcısı saniyədə təxminən 10 metr sürətlə (yəni saatda 36 kilometr) hərəkət edir. Kiçik yağış damcılarının sürəti daha azdır.
Mənbə: Bilim Genç Tübitak
Tərcümə etdi: Aydan Qasımova