Təcili yardım maşınları niyə gecikir?
Bölmə: Sosial › ,Tarix: 16:02 08.01.2024
Sosial şəbəkələrdə ürəkaçan görüntülər yayılır. Təcili tibbi yardım avtomobili çağırışa gedir, qarşısındakı avtomobillər sağa-sola çəkilməklə ambulans yola açırlar. Söhbət xarici ölkələrdən gedir. Bizdə isə müzakirə olunur ki, ambulans niyə gecikir? Yolunda olmayan şeylər təbii ki, var.
Təcili tibbi yardım briqadası müraciətdə qeyd olunan ünvana vaxtında çatmaq üçün ən qısa yollardan istifadə etməyə çalışır. Bu hissədə əsas yük sürücünün üzərinə düşür. Şəhəri yaxşı tanımalı, hansı saatlarda hansı yollarla hərəkətin ünvana daha tez çatdıracağını bilməlidir. Amma bu təcrübə özü belə tıxacın qarşısında aciz qalır.
Ambulans sürücüsü Zəkəriyyə Xəlilov bildirib ki, bizim təcili yardımın əsas problemi odur ki, tıxaclarımız həddindən artıq çoxalıb, çağırışlarımız özü də çoxdur.
"Tək-tük sürücülər var, başa düşürlər, yol verənlər var, amma 80 faiz yol vermir, bizə icazə vermirlər sirena çox verməyə, qısa da olsa sirena veririk, eləsi var verirlər, amma çox hissəsi vermir".
Yol verməyib həkim gözləyən insanların həyatını təhlükəyə atan, başqa vaxt isə özü çağırdığı ambulansı gecikdiyinə görə daş-qalaq edənlərin sayı çoxdu. Belələrinin olmadığı yollar avtobus zolaqlarıdır ki, onlar da Bakının kiçik hissəsini əhatə edir.
Nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib ki, ambulanslar ayrılmış avtobus zolaqlarınan sərbəst hərəkət eliyə bilərlər, hətta avtobus sürücüsü belə orda ambulansa mane olmamalıdır, şərait yaratmalıdır ki, ambulans 1-ci keçsin, yəni birincilik həmişə ambulansa verilir.
"Hardasa ambulans üçün bir dəhliz yaratmağ olar, yollarımızın çoxunda buna imkan var, yol zolaqlarımız buna imkan verir".
Operativ nəqliyyat vasitəsi kimi ambulansların təhlükəsizlik qaydalarını gözləmək şərtilə yol hərəkəti qaydalarını pozmaq imkanı var. Məcburi qayda pozuntusu və vicdanlı sürücülərin yol verməsi hesabına birtəhər ünvana gedib çıxırlar. Bu dəfə də başqa problemlərlə üzləşə bilirlər.
Ambulans sürücüsü İlhami Həsənov qeyd edib ki, məsələn, binaya gedirik, çağırışa, adresə süni maniyələr qoyurlar, keçmək mümkün olmur. Yəni bu cəhətlərdən gecikmələrimiz olur.
Ambulans sürücüsü Ramil Süleymanovun sözlərinə görə, gecikmələrin səbəbi çağrışların yanlış verilməsidir.
"Ünvanları gedib tapa bilmirik, səhv verirlər, adətən olur ki, ünvanlar səf olduğu üçün vacib çağrışlara gedib çata bilmirik".
Yekunda o qənaətə gəlmək olur ki, ambulansa yol verməyən də özünü düşünür, əhvalı pozulduğuna görə 103-ə zəng edib gəlin söhbət edək deyən də. Qanunvericilik əhvalı pozulanlarla bağlı hər hansı bir şey deməsə də, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər üçün 100 manat cərimə nəzərdə tutur. Amma bu cərimə ya tətbiq olunmur, ya da sürücülərin cibləri üçün çox azdır ki, ödəməkdən qorxmurlar. Bu gün dünyada mədəniyyət kimi görünən bir çox qaydalar var ki, böyük məbləğli cərimələr hesabına mümkün olub. Başqalarını düşünmək isə cərimələr hesabına olmamalıdır... Bəlkə də olmalıdır.