Qışda dəriyə qulluq üçün 9 məsləhət!

Bölmə: Maraqlı › ,
Tarix: 20:48 29.01.2024

Qış aylarında dərimiz gün ərzində həm soyuq, həm də isti mühitin mənfi təsirlərinə məruz qalır, bu da onu hər zamankından daha həssas edir. Havadakı rütubətin azaldığını, dəridə quruluğun və qıcıqlanmanın artdığını, qarın əks etdirici təsirinin günəş yanığına səbəb ola biləcəyini ifadə edən Dermatologiya Mütəxəssisi Prof. Dr. Dilek Bıyık Özkaya, "Qış fəslinin özünəməxsus xüsusiyyətlərindən ötəri dərimizdə yaranan bu mənfiliklərə gündəlik həyat vərdişlərimiz arasında bəzi yanlış davranışlarımız da əlavə olunduqda dərimiz hər zamankindən daha çox köhnəlir və daha tez qocalır",- dedi.

 

1.Düzgün qidalanın

Sağlam və balanslı bir pəhriz dərimiz üçün vacibdir. Şəkərli və işlənmiş qidalardan uzaq durun və dərimiz üçün lazım olan vitamin və mineralları ehtiva edən qidaları, xüsusilə mövsümi tərəvəz və meyvələri istehlak etməyə diqqət edin.

 

2.Bol su için

Qış aylarında susuzluğu gözləmədən su içməyin lazım olduğunu vurğulayan prof. Dr. Dilek Bıyık Özkaya, dərinin ən böyük düşmənləri arasında qeyri-kafi su istehlakının olduğunu vurğulayaraq, gündə iki litr su içmək lazım olduğunu söylədi.

 

3.Dərinizi təmizləmədən yatmayın

Qış aylarının yorucu şərtlərinə görə bəzi gecələr makiyajınızı silmədən yata bilərsiniz. Lakin makiyajlı yatmaq dərinin bütün gecə nəfəs almasına mane olmaqla qocalmanı sürətləndirib və məsamələri tıxayaraq infeksiyaya səbəb ola biləcəyi üçün yatmazdan əvvəl üzü təmizləmək lazımdır.

 

4.İsti sudan çəkinin

Dermatologiya Mütəxəssisi Prof. Dr. Özkaya: “Üzümüzü və əllərimizi isti su ilə yumaq dərimizin daha çox qurumasına səbəb olduğu üçün isti su əvəzinə ilıq su ilə yumalıyıq. Duş qəbul edərkən də eyni qaydaya riayət etmək lazımdır. Qışda uzun isti vannalar dərimiz üçün faydalı görünsə də, əksinə dərimizi qurudur və daha həssas edir. Duş ilıq su ilə qəbul edilməlidir və 5-10 dəqiqədən çox olmamalıdır.

 

5.Nəmləndirərkən diqqətli olun

Dərinin quruluğunun artdığı qış aylarında dəriyə qulluq və yaşlanma əleyhinə məqsədlər üçün istifadə edilən retinorik turşu, salisilik turşu və qlikolik turşu kimi məhsulların və sərt təmizləyicilərin dərini daha da qurudaraq qıcıqlanmaya səbəb ola biləcəyini ifadə edən Prof. Dr. Özkaya deyib: “Dərimizdə quruluq, soyulma və ya qızartı hiss etdiyimiz zaman dərini soyan məhsullardan istifadəni dayandırmalıyıq. Yayda dərimizə kifayət edən yüngül bir nəmləndirici qışda kafi olmaya bilər. "Daha qalın bir tutarlılığa malik nəmləndiricilərdən istifadə qışda daha yaxşı nəm təmin edə bilər".

 

6.Çölə çıxarkən üzünüzü qoruyun

Soyuq mühitlərdə dəri qoruyucu paltar geyilməzsə, quruluq, çatlama, qızartı və soyulma kimi mənfi təsirlər yarana bilər. Qış aylarında əlcək, şərf, papaq və hətta günəş eynəyinin də diqqətdən kənarda qalmaması lazım olduğunu vurğulayan Prof. Dr. Dilek Bıyık Özkaya, ekzema, qaşınma və göbələk kimi infeksiyalara səbəb ola biləcəyi üçün yun və sintetik paltarlardan, çox dar və nəfəs almayan paltarlardan uzaq durmağın faydalı olduğunu qeyd edib.

 

7.Əlləri və dodaqları tez-tez nəmləndirin

Əllərimiz və dodaqlarımız qışın mənfi şərtlərindən çox təsirləndiyi üçün gün ərzində tez-tez nəmləndirmək lazımdır. Qışda nəmləndirici seçərkən daha çox yağlı məhsullara üstünlük verilməsi lazım olduğunu, vazelinin çatlamış dodaqları sağaltmağa kömək etdiyini və qurumanın qarşısını aldığını bildirən Prof. Dr. Özkaya: “Quru dodaqların dərisini fərqinə varmadan yalamaq, soymaq və dişləmək də daha da qurumağa səbəb olur. "Biz bu davranışlardan çəkinməliyik",- dedi.

 

8.Lazımsız yerə dezinfeksiyaedici vasitələrdən istifadə etməyin

Gün ərzində əllərimizi yuduqdan sonra nəmləndirici krem sürtmək, evdə təmizlik və ya qab-qacaq yuyarkən onları kimyəvi maddələrdən qorumaq üçün əlcəklərdən istifadə etmək, lazımsız yerə dezinfeksiyaedici və odekolon sürməmək lazımdır. Əllərinizə nəmləndirici sürtdükdən sonra bir müddət pambıq əlcək geyinib nəmi daha yaxşı qəbul etməsini gözləyə bilərsiniz.

 

9.Günəş kremini unutma

Əksər insanlar qışda günəş kremindən istifadə etməli olduqlarını bilməsələr də, bilənlər buna məhəl qoymurlar. Bununla belə, qar yağan zaman qarın əks etdirici təsiri səbəbindən günəş yanıqlarının tez-tez baş verdiyini bildirən Prof. Dr. Dilek Bıyık Özkaya “Qardan əks olunan günəş şüaları dərimizə zərər verə bilər. Qışda yüksək faktorlu olmasına ehtiyac olmasa da, mütləq günəş kremindən istifadə edilməlidir. "Tərkibində SPF olan nəmləndiricilər həm nəmləndirməyə kömək edəcək, həm də dərimizi UV şüalarının zərərli təsirlərindən qoruyacaq",- dedi.

 

Mənbə: HaberTürk

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva