Yaşıl çayın faydaları nələrdir?

Bölmə: Maraqlı › ,
Tarix: 18:21 01.02.2024

Yaşıl çay tarix boyu qiymətləndirilən və müasir elm tərəfindən dəstəklənən,  sağlamlığa bir çox  faydası olan  içki növüdür.

Ənənəvi Asiya mədəniyyətindən günümüzə qədər gəlib çatan  bu içki sağlam həyatı dəstəkləyən bir rituala çevrilib və bütün dünyada geniş pərəstişkar kütlə qazanıb.

 

Yaşıl çay yalnız dadı və aroması ilə deyil, sağlamlıq üçün təqdim etdiyi potensial üstünlükləri ilə də diqqət çəkən xüsusi içkidir. Ancaq unutmaq olmaz ki, yaşıl çayın həddindən artıq istehlakı bəzi yan təsirlərə səbəb ola bilər.

 

Hər hansı bir sağlamlıq proqramına başlamazdan əvvəl, xüsusən hamiləlik, ana südü və ya xroniki sağlamlıq problemləri kimi hallarda həkimə müraciət etmək vacibdir.

 

Yaşıl çay  min illər boyu Asiya mədəniyyətlərində ənənəvi içki hesab olunur və bu gün də bütün dünyada məşhur olan  vərdişə çevrilib. Yaşıl çay Camellia sinensis bitkisinin yarpaqlarından alınır və digər çay növlərindən fərqli olaraq minimal oksidləşməyə məruz qaldığı üçün təbii xüsusiyyətlərini daha çox qoruyub- saxlayır. Bu içki zəngin qida və bioaktiv maddələr sayəsində bir sıra sağlamlıq faydaları təklif edə bilər.

 

Yaşıl çayın ən fərqli, bilinən xüsusiyyəti antioksidantlarla zəngin olmasıdır. Xüsusilə, epigallocatechin gallate (EGCG) adlanan katexin tərkibi yaşıl çayın antioksidan gücünü təyin edən mühüm amildir. Antioksidantlar bədəndəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsini azalda və yaşlanma prosesini yavaşlada bilər. Bu içki ürək sağlamlığını dəstəkləyən və ürək-damar xəstəlikləri riskini azaldan xüsusiyyətlərə malikdir. Antioksidantlar aterosklerozun qarşısını alaraq xolesterol səviyyəsini tənzimləyə və qan təzyiqini tarazlaya bilər. Bundan əlavə, yaşıl çayın tərkibindəki kofein qan dövranını yaxşılaşdıra bilər ki, bu da ürək sağlamlığını dəstəkləyə bilir.

 

Yaşıl çayın çəkiyə nəzarət və maddələr mübadiləsinin sürətləndirilməsinə təsiri də araşdırma mövzusu olub. Kofein və EGCG-nin birləşməsi metabolik sürəti artıra və yağ oksidləşməsini təşviq edə bilər. Buna görə də yaşıl çayın kilo vermə səylərinə kömək edə biləcəyi düşünülür. Yaşıl çay həm də diabetin qarşısının alınmasına və nəzarətinə müsbət təsir göstərir. Tərkibindəki katexinlərin insulinə həssaslığı artıraraq qan şəkərini tənzimləyə biləcəyi və 2-ci tip diabet riskini azalda biləcəyi ifadə edilir. Bundan əlavə, yaşıl çayın tərkibində olan L-theanine amin turşusu sakitləşdirici təsiri ilə stressin öhdəsindən gəlməyə kömək edə bilər. Zehni sayıqlığı artıra, diqqəti gücləndirə və yaddaşı dəstəkləyə bilər

 

Yaşıl çayı nə vaxt içmək lazımdır?

 

Yaşıl çayın istehlakı günün müxtəlif vaxtlarında şəxsi üstünlüklərdən və sağlamlıq məqsədlərindən asılı olaraq dəyişə bilər. Müxtəlif vaxtlarda yaşıl çay içmək üçün bəzi təkliflər: Səhər: Bir çox insanlar günün erkən saatlarında yaşıl çay içməyi üstün tuturlar. Səhər yaşıl çay içmək, tərkibindəki kofein sayəsində oyanıqlığı artıra və maddələr mübadiləsi sürətini artıraraq enerji səviyyələrini dəstəkləyə bilər. Səhər acqarına, yüngül qəlyanaltıdan sonra içmək daha yaxşıdır, çünki mədəyə əks təsir göstərə bilər.

 

Tehran Yusifli

Mənbə:habertürk