Pomidor suyunun antimikrobiyal xüsusiyyətləri tif xəstəliyinin qarşısını ala bilər!

Bölmə: Maraqlı › ,
Tarix: 21:47 01.02.2024

Techexplorist saytının məlumatına görə, Kornell Universitetinin tədqiqatçıları pomidor şirəsinin həzm sisteminə və sidik yollarının sağlamlığına zərər verə bilən bakteriyaları, o cümlədən dünyada hər il 21 milyon xəstəliyə və 200 min insanın ölümünə səbəb olan tif qızdırmasına səbəb olan Salmonella typhi bakteriyasını öldürə biləcəyini müəyyən ediblər.

 

Araşdırmanın baş müstəntiqi və Kornell Universitetinin Mikrobiologiya və İmmunologiya Departamentinin professoru Jeongmin Song, "Araşdırmalarımız pomidor və pomidor suyunun Salmonella kimi bağırsaq bakteriyalarını öldürdüyünü ortaya qoydu",-dedi.

 

Tədqiqatın məqaləsində pomidorda tapılan və bakteriya membranını pozan kiçik zülallar olduğu bilinən iki antimikrob peptidin həzm və sidik yollarını zədələyən bakteriyaların qoruyucu qişalarını pozaraq xəstəliyə səbəb olan patogenləri aradan qaldırdığına dair tapıntı yer alıb.

 

Tədqiqatçılar əlavə olaraq pomidor şirəsinin həzm və sidik yollarının sağlamlığına təsir edə biləcək digər bakteriyalara qarşı təsirini qiymətləndirdilər.

 

Tədqiqat göstərdi ki, pomidor suyu həzm və sidik yollarının sağlamlığına zərər verən Salmonella typhi və digər bakteriyaların variantlarını effektiv şəkildə aradan qaldırır.

 

Tədqiqatçılar, xüsusilə uşaq və gənclər arasında aparılan araşdırmanın nəticələrinin cəmiyyətdə meyvə və tərəvəz, xüsusilə də pomidor istehlakını artıracağına ümid edirlər.

 

Tədqiqatın təfərrüatlarını Amerika Mikrobiologiya Cəmiyyətinin nəşr etdiyi Microbiology Spectrum qəzetində dərc olunub.

 

Mənbə: HaberTürk

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva